Dünən Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda ''Napoli'' öz meydanında ''Reyncers''i 3:0 hesabı ilə yenərək qələbə seriyasını davam etdirdi.
3 qoldan 2-ni aktivinə Covanni Simeone yazdı. Mövsümün əvvəlində ''Verona''dan transfer olunan 27 yaşlı forvard ÇL-də keçirdiyi 4-cü oyunda vurduğu qolların sayını 4-ə çatdırdı. O, evdə ''Liverpul''a və səfərdə ''Ayaks''a qarşı oyunlarda da 1 qol vurmuşdu. Evdə ''Ayaks''a qarşı matçda isə iştirak etməmişdi. Bununla da Covanni Simeone ÇL-də keçirdiyi ilk 4 oyuna 4 qol vuran cəmi 2-ci argentinalı futbolçu oldu. Ən maraqlısı odu ki, daha öncə bunu yalnız onun atası, uzun illərdi ''Atletiko''nu çalışdıran Dieqo Simeone bacarmışdı.