Superliqadan növbəti, bu mövsüm 4-cü istefa xəbəri var.
Football-plus.az xəbər verir ki, debütant “İstanbulspor” Osman Zəki Korkmaz ilə yollarını ayırıb. İstanbul təmsilçisi 10 oyuna topladığı 8 xalla sondan əvvəlki, yəni 18-ci pillədə qərarlaşıb. Osman Zəki Korkmaz bu vəzifəyə ötən ilin sentyabrında gətirilmişdi. 40 yaşlı mütəxəssisin başçılığı altında komanda 1-ci liqada mövsümü 4-cü pillədə tamamlasa da, pley-offda uğurlu nəticələr əldə edərək 17 illik fasilədən sonra superliqaya yüksəlmişdi. Amma göründüyü kimi, uğurun davamını elitada gətirmək mümkün olmadı.
Artıq yeni baş məşqçinin adı bəllidi. Söhbət Fatih Təkkədən gedir. 45 yaşlı mütəxəssislə beşillik müqavilə imzalanıb. Klubun sosial şəbəkədə bu təyinatı “FATİHin gəldi, İstanbul” paylaşımı ilə ifadə etməsi diqqəti çəkib. Futbolçu kimi Türkiyədə çox tanınan simalardan olan və 2008-də “Zenit” ilə həm UEFA kubokunu, həm də Avropa superkubokunu qazanan Təkkə məşqçi kimi hələ ki adından söz etdirə bilməyib. Onun faktiki superliqa təcrübəsi yoxdu. Təkkə yalnız məşqçi karyerasının ilk ilində - 2015-də artıq fəaliyyətini dayandıran “Ərciyəsspor”un başında 9 superliqa oyununa çıxıb. Daha sonra aşağı liqa klublarında çalışan və 2022-nin yanvarından bəri işsiz olan mütəxəssis üçün “İstanbulspor” heç də yad klub deyil. O, daha öncə iki fərqli dönəmdə (2018/19, 2020/21) bu klubda çalışıb.
Təkkə yeni vəzifəsində debüt matçını həftəsonu “Fənərbaxça”ya qarşı keçirəcək. Yeri gəmişkən, bazar günü baş tutacaq həmin qarşılaşmanın stadionu dəyişdirilib. “İstanbulspor”, adətən, ortabab rəqiblərə qarşı oyunlarını Esenyurt qəsəbəsində yerləşən “Nəcmi Kadıoğlu” stadionunda keçirir. Nəhənglərə qarşı oyunlar isə azarkeş marağı nəzərə alınaraq “Atataürk Olimpiya”da oynanılır. Elə “Fənər”ə qarşı görüş də bu nəhəng arenaya salınıb. Xatirladaq ki, “Atatürk Olimpiya” bu mövsüm ÇL-in finalını qəbul edəcək.