Əvvəlki illərdən fərqli, bu dəfə çempionluq uğrunda cəmi 6 komanda mübarizə aparacaq ki, “Araz Naxçıvan”ın yenə də qızıl medallara sahib çıxacağı heç kimdə şübhə doğurmur. Bunu dünənki oyunların nəticələrinə baxanda da görmək mümkündü.
İlk turda diqqəti çəkən əsas məsələ yenə iranlı futzalçıların çempionatda çoxluq təşkil etməsidi. Oyunların protokollarına nəzər yetirərkən sanki Azərbaycan yox, İran çempionatının qarşılaşmaları keçirilir. Bu yöndə xüsusilə “Alyans” və “Rekord club.az” klubları seçilir. “Alyans”da iranlıların sayı üçdüsə, “Rekord club.az”ın “onurğa sütunu”nu cənubdan gələnlər təşkil edir. İranlı futzalçıların ölkəmizə üz tutmasının arxasında nə durur, onları bura gətirənlər kimlərdi?
Bu suala cavab tapmaq üçün Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisi məsələ ilə bağlı “Football-plus.az” saytına bunları söylədi:
“Bu ildən etibarən futzal çempionatında da limit tətbiq olunur. Oyunun protokoluna 8 legionerin adı yazıla bilər. Bu, Əsasnamədə də əksini tapıb. Heç bir kluba iranlı gətirməsi ilə bağlı qadağa qoya bilmərik. İranla ölkəmiz arasında istər diplomatik, istərsə də başqa sahələrdə əlaqə mövcuddu. “Rekord club.az”a gəlincə, ilk turda bu komandanın heyətində 5 iranlı futzalçı çıxış edib. İkisinin də, səhv etmirəmsə, sənədləri hələ gəlməyib. Həmin futzalçıların hamısı ilə maraqlanmışıq. İranda, Əfqanıstanda çıxış ediblər. Yəni, yoldan keçən həvəskarlar deyillər”.
Bu gedişlə qarşıdakı illərdə futzalımızın gələcəyi İranla bağlı olacaq. Bu gün, demək olar, bütün klublar cənubdan futzalçı dəvət edib oynadırsa, görəsən, sabah millinin heyətində kim çıxış edəcək, azərbaycanlı gənc və yeniyetmələr harda püxtələşəcəklər? Mahal bəyin reaksiyası belə oldu:
“U-19 və U-17 komandalarımız var. Ötən il U-19-un şərəfini qoruyan 7 futzalçı 3 fərqli klubun heyətində meydana çıxmışdı. U-19-un hazırkı heyəti isə yeni formalaşıb və perspektivli gəncləri cəlb ediblər. Növbəti il onlar da başqa klublara yollanacaqlar və ildən-ilə yerli futzalçıların sayı artacaq”.
“İranlıları Bakıya kim dəvət edir, bunun arxasında nə durur” sualına isə Məmmədov belə cavab verdi:
“İranlı legionerlər əsasən “Record club.az”da çoxluq təşkil edir. “Alyans”da 4, “Baku Fire”də isə 2 iranlı futzalçı var. Fikrimcə, bu maddi cəhətdən klublara sərf edir. Həm onların maaşı aşağıdı, həm bilet pulları azdı, həm də kirayə məsrəfləri çox deyil. Məsələn, Braziliyadan gələn legionerin təkcə təyyarə puluna iranlılarıın birillik məvacibini vermək mümkündü”.
RƏŞAD
