Bildiyiniz kimi, “Rolan Qarros”un gedişində onun köhnə daban zədəsi şiddətlənmiş, oyunlara iynə gücünə çıxmışdı. Nadal ötən həftə Barselonada radioldalğalarla müalicə kursunu arxada qoyandan sonra korta dönməyi lazım bilib. Onun həkimi isə “Uimbldon”da iştirak perspektivi haqda danışıb:
“Radiotezlik terapiyası işləsə, Rafa London turnirinə əla formada qatılacaq”.
Bu arada “Hola” jurnalı Nadalın ailəsində artım olacağı haqda xəbər yayıb. O və xanımı Xiska Perelya uşaq gözləyir. Tennisçi 2019-cu ildə 14 illik münasibətlərdən sonra Xiska ilə ailə qurub.
Rumıniyalı sabiq tennisçi, hazırda idman meneceri kimi çalışan İon Siriak Nadalı tennis tarixinin ən yaxşısı sayır:
“Rafael Nadal yaxşıların yaxşısıdı. Nə Novak Cokoviç, nə də Rocer Federer onunla eyni səviyyədədi. Nadal builki “Rolan Qarros”da Cokoviçə qarşı çox-çox yaxşı oynadı. Dünya tennisinin bir nömrəsi Cokoviçi məğlub etdiyi üsluba sadiq qalsa, Nadal əbədi 1 nömrə olacaq. Heç kim, hətta Federer də onunla müqayisə oluna bilməz”.
Bildiyiniz kimi, Nadalın hesabında “Böyük dəbilqə” turnirlərində qazanılan 22 qələbə var. Cokoviçlə Federer isə hərəyə 20 dəfə belə turnir qazanıb.



