1-ci divizionda yeni mövsüm start götürüb.
Uzun fasilədən sonra "Araz Naxçıvan", "İmişli" və "Mingəçevir" də bu çempionatda iştirak edirsə, "Sabah-2" birillik “istirahətə çəkilib”. Maraqla gözlənilən mövsümlə bağlı təcrübəli mütəxəssis, həm premyer-liqa, həm də 1-ci divizion komandalarında baş məşqçi kimi çalışmış, son olaraq "Turan Tovuz"a rəhbərlik edən, hazırda isə işsiz olan Əfqan Talıbovun fikrini öyrəndik:
"Aşağı liqalar əksər ölkələrdə, o cümlədən də Avropa və Türkiyədə güclü rəqabətin mövcud olduğu ciddi çempionatlardı. Dəfələrlə top-liqalarda görmüşük ki, aşağı liqa komandaları adlı-sanlı klubları kubok oyunlarından kənarlaşdırıb. Bizdə isə vəziyyət yaxşı deyil. Birinci divizionda kim nə istəyir edir, eksperiment aparır. Bütün bunlara son vermək lazımdı. Güclü çempionat görmək istəyiriksə, mütləq əvəzedici komandaları burdan kənarlaşdırmalıyıq. Onların ayrıca çempionatı keçirilməlidi. Yoxsa güclü elita klublarının aparıcı futbolçuları cəzalı duruma və ya bir az formadan düşən kimi göndərirlər əvəzedici heyətə. Belə olanda da həmin futbolçular elə ilk hissədə oyunun taleyini həll edirlər. Axı bu nə oyun, nə də rəqabətdi. Başabaş mübarizə olmayan qarşılaşmalarda və çempionatlarda hansı inkişafdan söhbət gedə bilər? Aşağı liqalar həmişə əsas çempionat üçün seleksiya məkanı olur. Başqa ölkələrə baxın, adlı-sanlı klubların seleksiyaçıları, menecerləri aşağı liqalarda istedadlı oyunçu axtarır. Bizdə isə 1-ci divizion heç bir premyer-liqa komandasının seleksiyaçılarını cəlb etmir. Əvəzedicilərlə divizion komandaları mütləq ayrılmalıdı. İkincisi, yaş limiti götürülməlidi. Özünü futbol oynamağa hazır sayan, fiziki hazırlığı yerində olan futbolçuların divizionda çıxış etməsinə şərait yaradılmalıdı. Hazırda divizion komandalarına 5 legioner futbolçu cəlb etməyə, onlardan da ikisinin meydanda olmasına icazə verilir. Bunu təqdirəlayiq hal sayıram. Ən azı legioner transfer edəcək komanda maksimum keyfiyyətli oyunçu gətirəcək və meydana eyni vaxtda iki əcnəbinin çıxması onlar arasında rəqabəti artıracaq. "Araz Naxçıvan", "Mingəçevir" və "İmişli"nin divizionda çıxış etməsi sevindiri haldı. Amma daha çox komandanın bu çempionatda iştirakı təmin olunmalıdı. Ən azı 10 komandanın iştirakı təmin edilməli və bu prosses yüksələn qrafik üzrə davam etməlidi. Elə etmək lazımdı ki, bu çempionatda daim 14-16 komanda mübarizə aparsın. Əlavə olaraq 2-ci divizion yaradılmalıdı. Bunu Region Liqasını ləğv etməklə də təşkil etmək olar. Aşağı liqalar arasında rəqabət olmalıdı ki, premyer-liqa ilə uçurum gecə-gündüz qədər fərqli olmasın. Əmin olun ki, sadaladıqlarım həyata keçsə, Azərbaycan futbolunda xeyli inkişaf görəcəksiz".
Təcrübəli mütəxəssis vaxtilə çalışdırdığı, hazırda isə elitada çıxış edən "Turan Tovuz" haqda da danışdı:
"Qərb bölgəsində futbol daim olub. Sovetlər dönəmində, eləcə də 1990 və 2000-ci illərin əvvəlində ölkəmizə ən çox futbolçu bəxş edən məhz Qərb zonası olub. "Turan Tovuz"la "Kəpəz"in elitaya qayıtmasını futbolumuzun işıqlanması kimi qiymətləndirirəm. Yola saldığımız 3 turu nəzərə alsaq, çox gərgin, mübarizəli və maraqlı çempionat izləyəcəyik. Heç kim qapazaltı olmaq istəmir. "Kəpəz"in ən böyük sıxıntısı doğma publika önündə oynamamasıdı. Gəncədə oynasalar, nəticənin daha fərqli olacağına inanıram. "Turan Tovuz"a gəlincə, Ayxan Abbasov çox döyüşkən komanda formalaşdırıb. Səfərdə "Səbail"i məğlub etmələri bir daha onu göstərir ki, komanda sona qədər döyüşəcək. 4-cü turda komandanı çətin Sumqayıt səfəri gözləyir. İnanıram ki, tovuzlular həmin matçda da uğurlu nəticə qazanacaq".
ABDULLA İSMAYILOĞLU