Bu gün "Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxır.
Rəqib Macarıstan çempionu “Ferentsvaroş”du. Qarşılaşma olduqca çətin keçəcək. Çünki Ağdam təmsilçisi matça tam heyətlə çıxa bilməyəcək. "Köhlən atlar" 3 futbolçunun xidmətindən yararlana bilməyəcək. Riçard Almeyda və Kadi Borges sarı vərəqə cəzalısı, Kevin Medina isə zədəli olduğu üçün matçda iştirak etməyəcək. Görəsən, Qurban Qurbanov bu boşluğu necə dolduracaq? Ağdam təmsilçisi macarlar qarşısında heyət baxımından problem yaşayacaq?
Təbii ki, hər üç futbolçu "Qarabağ" üçün olduqca vacib oyunçulardı. Lakin düşünmək olar ki, Qurban Qurbanov onları əvəzləyə biləcək. Sistemdə hansısa dəyişiklik olmayacaq. Qapıda sözsüz ki, Şahruddin Məhəmmədəliyev dayanacaq. Müdafiənin solunda Elvin Cəfərquliyev çıxış edəcək. Mərkəzdə Bədavi Hüseynovla Maksim Medvedev oynayacaq. Sağ cinahda isə Marko Veşoviç çıxış edəcək. Riçard Almeydanın yerinə Qara Qarayev mübarizə aparacaq. Millimiz üzvü onsuz da Ağdam təmsilçisinin ən futbolçularından biri idi. Sadəcə, zədələndiyi üçün son oyunlarda ilk "11-lik"də çıxış etmirdi. Qaranın yanında son oyunlar özünü yaxşı tərəfdən göstərən Marko Yankoviç oynayacaq. Abdulla Zubir sol, Ramil Şeydayev isə sağ vinger olaraq çıxış edəcək. Millimizin üzvü ötən qarşılaşmada özünü bu cinahda yaxşı tərəfdən göstərə bilmişdi. Pleymeyker mövqeyində isə Filip Ozobiç çıxış edəcək. Ağdam təmsilçisinin qol silahı isə İbrahima Vaci olacaq. Sözsüz ki, heyətlə bağlı son qərarı Qurban Qurbanov verəcək. Lakin indiki məqamda 50 yaşlı mütəxəssisin riskə gedib, hansısa dəyişiklər edəcəyi inandırıcı deyil.
İLKİN SULTANLI