“Mançester Yunayted”ə qarşı fərqli planımız, hazırlığımız olacaq" - Valdas Dambrauskas

5.09.2026 23:30 2
Ölkə futbolu / Manşet
"Sabah" Misli premyer-liqasının 4-cü tur matçında "Zirə"ni darmadağın etdi - 5:0.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Oyunçularımı təbrik edirəm. Onlar bu gün oyun planımızı möhtəşəm şəkildə meydançada icra etdilər. Oyuna çox yaxşı başladıq, 10 dəqiqədə 2 qol vurduq. Hücum və təzyiq zamanı çox aqressiv idik. İstədiyimizi meydanda edə bilirdik. 3:0-dan sonra futbolçularımdan bir az məmnun qalmadım. Çünki tələskənlik görürdüm. Hər hücumu bitirməyə çalışırdılar, ancaq mən istəyirdim ki, daha çox oyunumuzu rəqibə qəbul etdirsinlər. Bəzən iki yarımmüdafiəçimiz ara ötürmələrini bağlaya bilmirdi, bu hallardan o qədər də məmnun qalmadım. Komanda 5:0 qalib gəlirsə, qol da buraxmırsa, ümumən razı qalmamaq düzgün deyil. Komandamın bugünkü oyunundan çox məmnunam. Bu nəticəni unuduruq, qarşıdakı matça köklənirik.

- Umarali Raxmonaliyev və Stiv Solvetin vəziyyəti nə yerdədi?
- Onların nə vəziyyətdə olduqlarını bilmirik. Solvet MRT üçün xəstəxanaya yollandı. Bir az ciddi zədəyə oxşayır.

- Bu gün oyun planı sırf “Zirə”yə qarşı nəzərdə tutulmuşdu, yoxsa planın içində “Mançester Yunayted”lə görüş üçün də B planı var idi?
- Əlbəttə, eyni oyun planı ilə İngiltərəyə gedib, “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oynaya bilməzsən. Düzdü, bizim kimliyimiz var. Bu da çalışdıqca hücumda daha çox fəal olmaq, daha çox qol vurmaqdan ibarətdi. İndi kimə qarşı oynayacağımızı bilirik. Təbii ki, bizim “Mançester Yunayted”ə qarşı fərqli planımız, hazırlığımız olacaq.

- “Sabah” uşaq futboluna və akademiyanın inkişafına önəm verir. Baş məşqçi kimi sizin buna münasibətiniz necədi?
- Klubumun belə şeylər etməsinə görə fəxr hissi keçirirəm. Avropada elə klublarda çalışmışam ki, həmin klublar bir il avrokuboklarda iştirak ediblər, sonra iflas olublar. Klubum uşaq futboluna, akademiyalara yatırım edib, struktur qurursa, inanılmaz duyğudu, möhtəşəm işlərdi. Bu, tək “Sabah” üçün edilmiş bir şey deyil, Azərbaycan futbolu üçün investisiyadı. O uşaqlar tək “Sabah” yox, Azərbaycan millisi üçün də çalışa bilərlər.

- Bəzən baş məşqçilər vacib oyun ərəfəsində bəzi əsas oyunçularını qoruyur. Bu gün Umarali Raxmonaliyev və Stiv Solvet zədələndi. “Zirə” ilə matç sizin üçün vacib idi, yoxsa futbolçuları tonusda saxlamaq önəmli idi deyə meydana buraxmışdız?
- Futbolçuların vəzifələri sadəcə məşq etmək yox, həm də oynamaqdı. Bizdə hələlik məlumat yoxdur ki, “Mançester Yunayted”ə qarşı kimlər oynamayacaq. Amma sizə onu söz verə bilərəm ki, biz “Mançester Yunayted”ə qarşı 10 nəfərlə oynamayacağıq, yenə də 11 nəfərimiz var və onlar da oynamağa hazırdı. Meydana kim daxil olursa-olsun, oyun keyfiyyətimiz düşmür. 27 gün ərzində 8 oyunumuz var. Elə lüksümüz yoxdu ki, hər oyundan sonra komandaya iki gün istirahət verək. Çalışacağıq ki, öz tempimizi saxlayaq. Bir oyun bitdikdən sonra önəmli olan qarşıdakı matça hazırlaşmaqdı. Ona görə də Çempionlar Liqasına xoş gəldiz.