“Barselona”nı məğlub edən Berdıyev “Kəpəz”də ilişdi, istefaya səsləndi - yenilikçi Ehtiram Quliyev “Baba”ya niyə dözür?

6.09.2026 10:52 8
Yazarlar / Manşet
Uzun müddətdi mövsümü orta pillələrdə qərarlaşmaqla başa vuran “Turan Tovuz” son mövsümlərdə daha iddialı görünür.

Təbii ki, bunun başlıca səbəbi “Huner Group”un rəhbəri Ehtiram Quliyevin verdiyi böyük maliyyə dəstəyidi. Həm də klubun İdarə Heyətinin sədri olan iş adamı bölgə təmsilçisinin hərtərəfli inkişafı üçün əlindən gələni əsirgəmir. Loru dildə desək, Tovuz futbolu məhz onun gəlişindən sonra ağ günə çıxıb. Ehtiram bəy istər əsas, istər aşağı yaş qrupları üzrə komandalara, istərsə də infrastruktur məsələlərinə böyük diqqət ayırır, hadisələrin axarının nə ilə nəticələnəcəyini düşünmədən, konkret olaraq, bir an belə tərəddüd etmədən, böyük məbləğdə maddi vəsait xərcləməkdən çəkinmir. Heç şübhəsiz, o, bu addımları ümidli olduğuna görə atır. Axı özü demişkən, ümidimiz olmasa, qala bilmərik, çünki ümidsiz yaşamaq olmaz.

İndi sanki çərxi-fələk tərsinə dövran edir. Yox-yox, klubun maliyyə durumu ilə bağlı hansısa problem ortaya çıxmayıb. Əksinə, bu istiqamətdə irəliləyiş baş verib. Çünki təxminən bir ay əvvəl “PeakEye” şirkəti ilə imzalanan sponsorluq müqaviləsinə əsasən, qarşı tərəf kluba bir il ərzində nə az, nə çox - iki milyon dollar maliyyə dəstəyi göstərəcək. Söhbət Azərbaycan reallığından gedirsə, ötən mövsümü 3-cü sırada başa vursa da, məlum səbəblər üzündən avrokuboklardan kənarda qalan klub üçün, təbii ki, bundan gözəl motivasiya mənbəyi ola bilməz. Düzdü, onsuz da Ehtiram bəy biznes sahəsində olduğu kimi, futbolda da uğur qazanmaq istəyini gizlətməyib. Ancaq axı böyük uğurlara təkbaşına imza atmaq müşkül məsələdi və bu ərəfədə sözügedən əməkdaşlığa hava-su kimi ehtiyac var idi. Xüsusən də ötən mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün normadan artıq pul xərclənilibsə....

Yox-yox, söhbət heç azarkeş dəstəyinin olmamasından da getmir. Əksinə, tovuzlu futbolsevərlər sevimli komandalarını həm ev, həm də səfər matçlarında tək qoymayıblar. Minlərlə azarkeş daim tribunalarda yer alıb, “bozqurd”u qələbələrə səsləyib, həm rəqib komandanı, həm də hakimlər briqadasını ciddi təzyiq altında saxlayıb. Onlar daim klubun strategiyasını dəstəkləyib, rəhbərliyin istənilən qərarında yanında olduqlarını açıqlayıblar. “Turan Tovuz”a qarşı haqsızlıqlara göz yummayıblar, uzaq səfərlərin yoruculuğuna məhəl qoymayıblar. Əlbəttə, bu gün hətta əksər premyer-liqa oyunlarında belə tribunaların çoxu boşdusa, bu cür tərəfdarlara hörmətlə yanaşılmalı, necə deyərlər, qədirləri bilinməlidi. Ən əsası, onlar sevgisinin, hörmətinin qarşılığını görməlidi.

Bəs, problem kimdədi, nədədi? Açıq-aşkar Kurban Berdıyevdə!

Mütəxəssisi çoxdan tanıyırıq. Rusiyalı hələ “Turan Tovuz”un baş məşqçisi olana qədər müxtəlif klublar, xüsusən də “Rubin” ilə qazandığı uğurlar sayəsində şöhrətlənib. O, bu komandanı nəinki iki dəfə Rusiya çempionu edib, hətta Çempionlar Liqasının qrup (indiki liqa) mərhələsində vəsiqə qazandırıb və burda boyundan bir qədər də yuxarı tullanaraq “Barselona” səfərindən qalib ayrılıb. Odu ki, vaxtilə Berdıyevin təyinatı Tovuz camiəsində böyük sevinclə qarşılanmışdı. Təbii ki, Kurban bəyi tanıyan, strategiyasına bələd olan kimsə onun komandasının hücumlarda fəal olacağını, torba-torba qollar vuracağını iddia edə bilməzdi. Axı mütəxəssisin əsas sistemi intizamlı, möhkəm müdafiə və çevik əks-hücumlar əsasında qurulur. Kəsəsi, onan çalışdırdığı komandalar cansıxıcı olsa da, nəticəyə yönələn oyun nümayiş etdirir. “Turan Tovuz” da bu baxımdan istisna olmadı. “Bozqurd” daha çox minimalhesablı qələbələrlə topladığı xallar sayəsində 2024/25 mövsümünü 4-cü, 2025/26 “futbol ili”ni 3-cü sırada başa vurdu.

İndi isə vəziyyət bir qədər fərqlidi. Yeni mövsümə çempionluq hədəfi ilə qədəm qoyan komanda ilk üç oyunda cəmi 4 xal qazana bilib. Daha dəqiqi, “Qəbələ”ni məğlub edib, “Şamaxı” ilə “sülh”ə razılaşıb, “Kəpəz”ə isə uduzub. İş o həddə çatıb ki, nəticələrdən narazı qalan tərəfdarlar Berdıyevi rus dilində istefaya səsləməyə başlayıb. Özü də qarşısını kəsərək. Mütəxəssis isə “istefa” çağırışları məni narahat etmir” sözləri ilə oda benzin tökməklə məşğuldu. Tovuzlu azarkeşlərin baxımlı oyun, sərfəli nəticə tələb etdiyinin fərqində deyil. Artıq Ehtiram bəyin maliyyə gücünün boşa sərf edildiyini düşünənlər də var.

Görünür, “Sumqayıt” ilə oyun Berdıyev üçün sözün əsl mənasında taleyüklü sınaq olacaq. “Doğma divarlar” arasında xal itkisi baş versə, mütəxəssis üçün yolun sonu gələcək. İş ondadı ki, qələbəyə də tam etibar etmək olmaz. Hər halda, komanda sabit nəticələr qazanmalı, pulların boşa xərclənmədiyini sübuta yetirməlidi. Əks halda, “Turan Tovuz” ardıcıl üçüncü cəhddə də avrokuboklardan kənarda qalacaq. Ancaq bu dəfə öz günahı ucbatından...

KƏNAN BAHADIR