“Zirə” İsraildə dəstəksiz qalacaq? - AÇIQLAMA

26.07.2022 19:19 392
Manşet / Konfrans Liqası
İki gün sonra "Zirə" səfərdə "Makkabi" ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçına çıxacaq.

“Dalğa Arena”da rəqibinə 0:3 hesabı ilə yenilən komanda səfərə hazırlaşır. Detalları klubun mətbuat katibi Elmar Abdullazadədən öyrəndik:

"Sabah (bu gün) səhər saatlarında Təl-Əvivə yollanırıq. "Herods" otelində məskunlaşacağıq. Heyətimizdə iki itki var. Təmkin Xəlilzadə cəzalı, Ruslan Abışov zədəlidi. Komandada ab-hava qaydasındadı, cavab matçına hazırlaşırıq”.


Klubun sözçüsündən "Makkabi" ilə oyunda komandaya dəstəyin olub-olmayacağını da soruşduq:

"İsraildə və Təl-Əvivdə yaşayan azərbaycanlılardan bizə müraciət edənlər olmayıb. Amma yəqin ki, oyun günü komandanı tək qoymayacaqlar".


İyulun 28-də Təl-Əvivdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.

ABDULLA İSMAYILOĞLU