Bu aralar sahibi olduğu ''Hall Siti''ni önəmli transferlərlə gücləndirən Acun Ilıcalı öz kanalına da adlı-sanlı isimləri cəlb etməkdədi.
''TV 8,5'' kanalını yeni mövsümdən etibarən idman kanalına çevirməyi planlaşdıran məşhur şoumenin anlaşdığını futbol adamlarının adları məlum olub.
Türkiyənin tanınmış futbol şərhçilərindən olan və ötən mövsümü TRT-də keçirən Rıdvan Dilmən qarşıdakı ''futbol ili''nı ''TV 8,5''də keçirəcək. O daha öncə NTV-də birlikdə çalışdığı Murat Kosovanın moderatorluğunda 4 nəhəngin oyunları başa çatan kimi canlı yayına çıxacaq. Ilıcalının anlaşdığını digər isim Sərgən Yalçındı. Ötən mövsümün ilk dövrəsində ''Beşiktaş''dan ayrılandan bəri baş məşqçiliyə ara verən Yalçın Candaş Tolqanın moderatoru olduğu verilişdə həftənin yekunları ilə bağlı fikirlərini bölüşəcək. Qeyd edək ki, Sərgən bir neçə il öncə Acun Ilıcalının ''Yetenek sizsiniz'' şousunda jüri rolunda çıxış etmişdi. Bu arada bu mütəxəssisin Acunla imzaladığı yeni müqavilədə maraqlı bir maddənin olduğu üzə çıxıb. Belə ki, 49 yaşlı mütəxəssisə Türkiyə yığmasından təklif gələcəyi təqdirdə onun ''TV 8,5'' ilə müqaviləsini ləğv etmək haqqı olacaq. Bu maddə Sərgənin gələcəkdə ''ay-ulduzlular''ın başına keçə biləcəyi ilə bağlı şaiyələrin yayılmasına səbəb olub. Deyilənə görə, Türkiyə Futbol Federasiyasının yeni prezidenti Mehmet Büyükekşi Ştefan Kuntsdan o qədər də məmnun deyil və uğursuzluq təqdirində dərhal onu qovaraq Sərgəni baş məşqçi vəzifəsinə gətirəcək. Acun Ilıcalının anlaşdığı digər isim Fırat Aydınusdu. Yaş limiti dolduğu üçün hələ ötən yay karyerasını bitirməli olan, amma federasiya tərəfindən bir il də işləməsinə icazə verilən məhşur ədalət təmsilçisi ''TV 8,5''də hər həftə hakimlərin performansını dəyərləndirəcək. Ilıcalı daha iki tanınmış sima - Hasan Şaş və Sinan Engin ilə də danışıqlar aparır.
Bir ara Fatih Terimin ''Qalatasaray''da köməkçilərindən olan Şaşın şərhçilik təcrübəsi də var. O daha öncə NTV-də qısa müddət oyunları şərh edib. Sinan Enginin isa ''Bəyaz TV'' ilə müqaviləsi var. Amma Acunla yaxın dost olan Sinan Enginin oğlu Oğulcan atasının ''TV 8,5''də işləməsini istəyir.