PSJ “Reyms”in bombardririni ələ keçirdi

19.07.2022 15:37 415
Dünya futbolu
PSJ “Reyms”in bombardiri Yuqo Ekitikeni “rənglərinə bağladığını” açıqlayıb.

Hücumçu Paris klubuna icarə qaydasında qoşulub. Birillik icarə müqaviləsində futbolçunun sonrakı transferi də nəzərdə tutulub.

Ekitikenin PSJ-yə keçidinin niyə məhz icarə qaydasında baş tutduğuna da aydınlıq gəlib. Fransalı həmkarımız Mark Meşenuanın yazdığına görə, 20 yaşlı forvard ona görə icarəyə götürülüb ki, parislilər “maliyyə feyr-pleyi” prinsipindən kənara çıxmasınlar. PSJ gələn yay Ekitikenin transfer hüququna sahib çıxacaq. Bunun üçün “Reyms”ə 28,5 milyon avro təzminat ödəniləcək. Daha 6,5 milyon avro bonus şəklində nəzərdə tutulur. PSJ bu məbləğin müəyyən hissəsini elə bu mövsüm ödəyəcək.

Ötən mövsüm “Reyms”in heyətində keçirdiyi 24 oyunda 10 qol vurmaqla klubun bombardiri olan fransalı hücumçu keçidindən dərhal sonra aşağıdakı açıqlamanı verib:

“Qəlbim Parisi seçdi! Mən də fransalıyam, PSJ ölkəmin klubudu. Bu klubda dahi futbolçular oynayır, keyfiyyətli və təcrübəli personal, həmçinin bütün yarışlarda bütün titulları qazanmaq istəyi var. Burda daha yaxşı olmağına imkan verən hər şey var. Odu ki, məntiqli seçim etmişəm. Təzyiq hiss etmirəm. Həmişə özümə və oyunuma inanmışam. Hərçənd meydana çıxıb, nəyə qadir olduğumu göstərəcəyim anı səbirsizliklə gözləyirəm. Həqiqətən heç bir şübhəm yoxdu. Ona görə ki, nəyə qadir olduğumu bilirəm. Bunu Parisdə də göstərmək üçün inadla çalışmaq imkanı qazanacağımı gözləyirəm. Mənim hədəfim oyunlara baxmağa gələn adamlara məmnunluq bəxş etməkdi. Futbolda estetika xoşuma gəlir və mən düşünürəm ki, Paris belə oyun üçün yaxşı yerdi. Və bir də müasir futbolda çox vacib olan statistika tərəfi var”.