Antonio Kontenin “Tottenhem”i növbəti mövsümdə də çalışdıracağı sual altındadı.
Mövsümün gedişində təyinat aldığı komandaya Çempionlar Liqasına vəsiqə qazandıran italyan çalışdırıcı heyətin gücləndirilməsini vacib sayır. Rəhbərlik onu postunda saxlamaq üçün bu yay fəal transfer əməliyyatı aparmaqda qərarlıdı. Komandaya 6 yeni oyunçunun alınması nəzərdə tutulur. Artıq londonlulara son mövsümdə icarə qaydası ilə xidmət edən Kristian Romeronun komandada qalması, demək olar ki, həll edilmiş məsəldi. 24 yaşlı argentinalı müdafiəçi ilə 4 illik müqavilə üzrə razılığa gəlinib. Ona görə “Atalanta”ya 47 milyon avro ödəniləcək. “Tottenhem”də icarə əsasında oynayan Deyan Kulusevskinin də komandada daimi əsasda qalması nəzərdə tutulub. İsveçli yarımmüdafiəçinin transferi “Yuventus”u 45 milyon avro irəli salacaq.