Bir neçə gün əvvəl Luis Suaresin karyerasını Argentinada davam etdirəcəyi haqda xəbər yayılmışdı, lakin...
“Atletiko” ilə müqaviləsinin müddəti başa çatan hücumçunun “River Pleyt”lə anlaşdığı, tezliklə Buenos Ayres klubu ilə müqavilə imzalayacağı bildirilmişdi. Ancaq 35 yaşlı futbolçu Argentinanın paytaxtına gedəsi olmayıb. İndiyədək vətəni Uruqvayda “Nasyonal”ın, Avropada “Qroningen”, “Ayaks”, “Liverpul” və “Barselona”nın da formasını geyən Suares bunun səbəbini belə izah edib: “Ayyarım əvvəl Avropanı tərk etmək istəmədiyimi demişdim. Ancaq “River Pleyt” mənimlə anlaşmada çox maraqlı idi. Bu səbəbdən Cənubi Amerikaya qayıtmaq variantı aktuallıq qazanmışdı. “River”ə qoşulmağı və Libertadores Kubokunda mübarizə aparmağı çox istəyirdim. Lakin komanda bu turnirdə çıxışını dayandırdığı üçün mənim ora getmək şansım heç oldu”.