"Təəssüf ki, yaxşı oynadığımız vaxtda qol buraxdıq" - Fərid Namazov

4.09.2026 23:16 17
Ölkə futbolu / Premyer-liqa
"İmişli" 4-cü turda səfərdə "Qəbələ"yə 1:2 hesabıyla uduzdu. "Football-plus.az" xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Fərid Namazov media önünə çıxıb.
- Rəqibi təbrik edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Rəqibdə məşqçi dəyişikliyi olmuşdu. Adətən, yeni məşqçi gələndə komanda daha istəkli olur. İlk 15 dəqiqə "Qəbələ"nin təzyiqi altında keçdi. Rəqibin hansı sistemlə oynayacağını bilmirdik. Penaltidən yararlana bilmədik. Oyunu bərabərləşdirməyə çalışırdıq. İkinci hissədə maraqlı və sürətli oyun oldu. Təəssüf ki, yaxşı oynadığımız vaxtda qol buraxdıq. Bundan sonra bir qədər eniş oldu. Səlahət Ağayevin çıxışını da qeyd edərdim, kritik qurtarışlar etdi. Azarkeşlərimizə təşəkkür edirəm.
- Məğlubiyyətin səbəbi rəqibin taktiki dəyişikliyi idi?
- Bunun da təsiri oldu. "Qəbələ" daha istəkli idi. Uşaqlara tapşırmışdıq ki, oyun planımızdan kənara çıxmayaq. Amma təzyiq çox oldu deyə, topa nəzarət edə bilmədik. Həm taktika, həm də istək ön plana çıxdı.
- Ardıcıl "Neftçi", "Sabah" və "Qarabağ" ilə oynayacaqsız.
- Hamı bu qrafikdə oynayacaq. Hazırda "Araz-Naxçıvan"da bu qrafik var. Yaxşı oldu ki, ilk turlarda özümüzə uyğun komandalarla oynadıq. Güclü rəqiblərə qarşı planlarımız başqa olacaq. Meydana uduzmaq üçün çıxmayacağıq.
İSRAYIL XEYRULLAYEV