Ayxan Abbasov komandanı Tovuza aparır

2.07.2022 21:35 807
Premyer-liqa / Manşet
“Transfer bazarı”nda fəallığı ilə seçilən “Turan Tovuz” heyətinə daha iki futbolçu cəlb edib.

“Boz qurdlar” “Neftçi”dən Xəyal Nəcəfovla Turan Vəlizadəni 2022/23 mövsümünün sonuna qədər icarəyə götürüb. Bununla da qərblilərin mövsümlərarası fasilədə heyətinə qatdığı oyunçuların sayı 10-a çatıb. Xatırladaq ki, bundan əvvəl Ayxan Abbasovun baş məşqçi olduğu komanda Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov, Veysəl Rzayev, Ehtiram Şahverdiyev və Eltun Turabovun transferini ictimaiyyətə açıqlamışdı.

9 illik fasilədən sonra premyer-liqaya dönən “Turan Tovuz”un “transfer bazarı”nda belə “at oynatması” bir qədər təəccüblü görünür. “Qırmızı-göylər”dən başqa elita təmsilçiləri arasında 10 yerli oyunçunu “rənglərinə bağlayan” ikinci klub yoxdu. Qarşıdakı günlərdə daha bir neçə azərbaycanlı oyunçunun komandaya qoşulacağı gözlənilir. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, ötən mövsüm “Maçhindira”nın heyətində Nepal çempionu olan Nurlan Novruzov da tovuzluların hazırlığına qoşulub. Məşqçilər korpusu onunla bağlı qərarı yaxın günlərdə verəcək. Yerlilərlə yanaşı, “boz qurdlar”ın heyətə legionerlər də dəvət edəcəyi şübhə doğurmur. Ötən sayımızda 2019/20 mövsümündə “Qarabağ”ın formasını geyən Faysal Rerrasın komandanın düşərgəsində olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, iyulun ilk günlərində iki gürcü futbolçu da “Turan Tovuz”a qoşulacaq. Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, onlardan biri artıq məşqlərdə iştirak edir.

“Turan Tovuz”un fəallığında təəccüb doğuran nədi? Bugünlərdə “Futbol+”ə açıqlama verən klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev büdcənin təsdiq olunmadığını bildirmişdi. Görəsən, belə olan halda qərblilər bu qədər futbolçunu necə “rənglərinə bağlaya” bilib? Bu suala cavab tapmaq üçün Oqtay bəylə əlaqə saxladıq:

“İlk növbədə onu bildirim ki, futbolçular çox həssas olur. Onlar təklif aldıqları kluba “hə” deməmiş yüz ölçüb, bir biçirlər. İstisna hallar olar ki, hansısa oyunçu müqavilə bağladığı klubla bağlı yanlış seçim etdiyini bildirər. Bizim də maraqlandığımız, müqavilə bağladığımız futbolçular “Turan Tovuz”un təklifini qəbul etməmiş bütün nüansları nəzərə alıblar. Görürlər ki, klubda futbolu bilən, bu sahənin incəliklərindən xəbərdar olan rəhbərlik var. Həmin rəhbərlik ki, düzgün çalışır, futbolçunun qədrini bilir. Klubda birlik var, ailə mühiti formalaşıb. Ən vacib məqam isə baş məşqçi ilə bağlıdı. Zaman göstərir ki, Ayxan Abbasovu baş məşqçi postuna dəvət etməklə düzgün addım atmışıq. Ayxan müəllim gənc, enerjili və ambisiyalı məşqçidi. Çalışdığı klublarda nəticə verməyi bacarıb ki, Tovuzda da özünü yaxşı tərəfdən göstərəcəyinə əminəm. Onun rəhbərliyi altında çıxış edən futbolçular da inkişaf baxımından seçilirlər”.


Qərb təmsilçisinin baş məşqçisi isə bizimlə söhbətdə komandanın hazırlıq üçün Tovuza yollanacağını bildirməklə yanaşı, həyata keçirmək istədikləri trnasferlərdən də söz açdı:

“Neftçi”nin Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları təlim-məşq bazası”nda təşkil olunan seleksiya xarakterli məşqlərdən sonra komanda “Dalğa Arena”ya üz tutmuşdu. Bildiyiniz kimi, bir müddət hazırlıq prosesi Mərdəkanda davam etdi. İyulun 3-də isə Tovuza yollanırıq. Təlim-məşq toplanışının növbəti mərhələsi bazamızda təşkil olunacaq. Bu günə kimi ancaq yerli futbolçuların transferini rəsmiləşdirmişik. Büdcə təsdiqlənəndən sonra isə legionerlərlə də müqavilə bağlayacağıq. Bu günə kimi diqqətimizi cəlb edən əcnəbilərlə danışıq aparmışıq, şərtlərindən xəbərimiz var. İndi qalır büdcənin təsdiq olunması ki, ona uyğun da addım ataq”.


"Turan Tovuz" dünən növbəti futbolçunun keçidini açıqladı. Bu, yarımmüdafiəçi Xəyal Nəcəfovdu. “Neftçi”yə məxsus olan 25 yaşlı futbolçu icarə əsasında bir mövsüm tovuzluların şərəfini qoruyacaq. Nəcəfov yeni klubunda "10” nömrəli formada çıxış edəcək. "Turan Tovuz" daha öncə "Neftçi"dən digər yarımmüdafiəçi - Turan Vəlizadəni icarəyə götürüb. Qeyd edək ki, Xəyal Ayxan Abbasovun rəhbərliyi altında "Sumqayıt"da çıxış edib.

RƏŞAD