Büdcəsi təsdiqlənməyən “Turan Tovuz” transferləri necə sıralayır? - AÇIQLAMA

30.06.2022 15:28 883
Ölkə futbolu / Manşet
9 illik fasilədən sonra premyer-liqaya dönən “Turan Tovuz”un “transfer bazarı”nda ən fəal klublardan olduğu sirr deyil.

Qərb təmsilçisi bu günə kimi 7 yerli oyunçu ilə müqavilə bağlayıb ki, bu da qənaətbəxş göstərici kimi qəbul oluna bilər.

Qarşıdakı günlərdə daha bir neçə azərbaycanlı oyunçunun Ayxan Abbasovun çalışdırdığı komandaya qoşulacağı gözlənilir. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, ötən mövsüm “Maçhindira”nın heyətində Nepal çempionu olan Nurlan Novruzov da tovuzluların hazırlığına qoşulub. Məşqçilər korpusu onunla bağlı qərarı yaxın günlərdə verəcək.

Yerlilərlə yanaşı, “boz qurdlar”ın heyətə legionerlər də dəvət edəcəyi şübhə doğurmur. Ötən gün 2019/20 mövsümündə “Qarabağ”ın formasını geyinən Faysal Rerrasın komandanın düşərgəsində olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, iyulun ilk günlərində iki gürcü futbolçu da “Turan Tovuz”a qoşulacaq.

Bu günlərdə “Football-plus.az” saytına açıqlama verən klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev büdcənin təsdiq olunmadığını bildirmişdi. Görəsən, büdcəsi müəyyənləşmədiyi halda qərblilər bu qədər futbolçunu necə “rənglərinə bağlaya” bilib? Bu suala cavab tapmaq üçün Oqtay bəylə əlaqə saxladıq:

“İlk növbədə onu bildirim ki, futbolçular çox həssas olur. Onlar təklif aldıqları kluba “hə” deməmişdən öncə yüz ölçüb, bir biçirlər. İstisma hallar olar ki, hansısa oyunçu müqavilə bağladığı klubla bağlı yanlış seçim etdiyini bildirər. Bizim də maraqlandığımız, müqavilə bağladığımız futbolçular “Turan Tovuz”un təklifini qəbul etməmişdən öncə bütün nüansları nəzərə alıblar. Görürlər ki, klubda futbolu bilən, bu sahənin incəliklərindən xəbərdar olan rəhbərlik var. Həmin rəhbərlik ki, düzgün çalışır, futbolçunun qədrini bilir. Klubda birlik var, ailə mühiti formalaşıb. Ən vacib məqam isə baş məşqçi ilə bağlıdı. Zaman göstərir ki, Ayxan Abbasovu baş məşqçi postuna dəvət etməklə düzgün addım atmışıq. Ayxan müəllim gənc, enerjili və ambisiyalı məşqçidi. Çalışdığı klublarda nəticə verməyi bacarıb ki, Tovuzda da özünü yaxşı tərəfdən göstərəciynə əminəm. Onun rəhbərliyi altında çıxış edən futbolçular da inkişaf baxımından seçilirlər”.


RƏŞAD