
“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı
“Turan Tovuz” “transfer bazarı”nda son günlərin ən fəal klubudu.
“Boz qurdlar” iki gün ərzində Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov və Veysəl Rzayevi heyətinə cəlb edib.
Redaksiyamıza bölgə klubu ilə bağlı maraqlı informasiya daxil olub. “Turan Tovuz” yaxın günlərdə ilk legioner transferini açıqlayacaq. Bu, Mərakeş millisinin sabiq üzvü Faysal Rerrasdı. Müdafiəçi artıq komandanın Bakıdakı düşərgəsindədi. Onunla yaxın günlərdə rəsmi müqavilə bağlanacaq.
Qeyd edək ki, "Sent-Trüden", "Harts", "Hibernian", "Mexelen" kimi klublarda oynamış 29 yaşlı müdafiəçi son dəfə "Levski"də (Sofiya) çıxış edib. Ötən mövsümü isə klubsuz başa vurub.
Bu arada “Turan Tovuz” daha 3 legionerin yolunu gözləyir. Onlardan ikisi gürcüdü. Futbolçulardan biri hücumçu, digəri isə dayaq yarımmüdafiəçisidi. Gürcülərin iyulun 3-də “Turan Tovuz”a qoşulması gözlənilir. Ayxan Abbasov müdafiə mövqeyinə də bir legionerin transfer edilməsini istəyir. Rəhbərlik bu istiqamətdə axtarışlarını davam etdirir.