Torrent hələ də yeni rəhbərliklə görüşməyib

20.06.2022 19:09 408
Dünya futbolu
''Qalatasaray''da həllini gözləyən əsas məsələlərdən biri baş məşqçi ilə bağlıdı.

Bilindiyi kimi, iyunun 11-də keçirilən seçkidə qalib gələn Dursun Özbək komanda ilə hələ birillik müqaviləsi olan Domenek Torrentlə ən qısa zamanda görüşəcəyini demişdi. Dünən ''Habertürk'' nəşri 59 yaşlı mütəxəssislə əlaqə saxlayıb. Hazırda vətəni İspaniyada istirahətdə olan və İstanbula gələn həftə qayıdacağını bildirən Torrent qısa açıqlama verib:

''Yeni rəhbərlikdən indiyə qədər heç kim mənimlə əlaqə saxlamayıb. Mən işimi davam etdirəcəkmiş kimi bəzi şeylərin üzərində çalışıram. Ümid edirəm ki, ən qısa müddətdə yeni yönəticilərlə görüşmək fürsətim olacaq''.


Bu arada Türkiyə mətbuatının yazdığına inansaq, ''Qalatasaray''da baş məşqçiliyə namizədlərin sayı 2-yə enib. Artıq Roberto De Zerbi variantının da maddi səbəblər üzündən mümkün olmayacağını nəzərə alsaq, iki əsas namizəd Marko Roze ilə Okan Burukdu. Yeni idman direktoru Cenk Ergün Roze ilə danışıqları davam etdirir. Daha öncə ''Zaltsburq''la Münhenqladbax ''Borussiya''sını, ötən mövsüm isə Dortmund ''Borussiya''sını çalışdırmış 45 yaşlı mütəxəssis köməkçilərinin məvacibi də daxil olmaqla birillik 5 milyon avro istəyir. Bundan başqa, Rozenin şərtləri sırasına ''1+1'' illik müqavilə və ən azı 5 yeni transfer də daxildi. Əslində bütün bu tələbləri yerinə yetirmək mümkündü. Sadəcə, Roze özü də Türkiyədə işləməyə meyilli görünmür. O, karyerasının bu mərhələsində Türkiyədə çalışmağın düzgün seçim olacağını düşünmür. Almaniyalı ilə anlaşmaq mümkün olmasa, böyük ehtimalla ''Qalatasaray''ın yeni baş məşqçisi Okan Buruk olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul