"Football-plus.az" xəbər verir ki, “Tampa” dünən evdə keçirdiyi 3-cü oyunda qalib gəlməklə fərqi azaltdı. Komandanın rusiyalı forvardı Nikita Kuçerov 1 qol və 2 məhsuldar ötürmə ilə qələbəyə önəmli töhfə verdi. 28 yaşlı hücumçu “Tampa-Bey”in tarixinə pley-offda 50 qol vurmağı bacaran ilk hokkeyçi kimi düşdü.
Qərb konfrasında, demək olar ki, qalib bəllidi. “Kolorado” “Edmonton”u ardıcıl 3-cü oyunda da məğlub etdi. “Evelanş” cari pley-offda 7-ci əzmkar qələbəsini qazandı. Komanda bundan daha yaxşı nəticəni 1996-cı ildə göstərib – 8 əzmkar qələbə. Belə qələbələrin sayına görə MHL rekordu isə “Pittsburq”a məxsusdu. Bu komanda 2010-da 10 oyunda geridönüş etməyi bacarıb.
“Edmonton”un ulduz hücumçusu Konnor Makdevid ardıcıl 3-cü məğlubiyyətə belə reaksiya verdi:
“Bizə qarşı əla komandanın oynadığını deməkdən yorulmuram. Rəqib müdafiədə gözəl təsir bağışlayır və hücumda imkanlardan yararlanır. Ancaq bizim komandamız da güclüdü. Sadəcə, bir qədər də “artırmalıyıq”. Hələ seriya bitməyib”.
“Edmonton”un baş məşqçisi Cey Vudkroft da nəticəni şərh etdi:
“Hesab edirəm ki, komandam bərabər oyun göstərdu. Təəssüf ki, bəxt tərəfimizdə deyildi. Öz oyunçumuzun çubuğundan səkən şayba tora düşdü. Daha bir məqamda şaybamız dirəkdən döndü, cavabında məhsuldar hücuma imkan verdik”.
Beləliklə, 4 qələbəyə qədər davam edəcək seriyada “Kolorado” artıq 3:0 öndədi.

