Mövsümü “gümüş”lə başa vuran “Neftçi”də durğunluq davam edir. Məhz bu səbəbdəndi ki, mətbuatda ölkənin ən köklü klubu barədə müxtəlif, söz-söhbətə səbəb doğuran informasiyalar yayılır.
İyunun 2-də “ağ-qaralar”ın Müşahidə Şurasının iclası keçirilməli, yeni mövsüm üçün baş məşqçinin adına aydınlıq gəlməliydi. Ancaq toplantı baş tutmadı və klubdan verilən açıqlamaya görə, başbilənlər iyunun 8-də bir araya gələcək. Məhz həmin gün bir çox qaranlıq məqamlara aydınlıq gələcək, istər klubun məşqçilər korpusunda, istərsə də rəhbərliyində dəyişikliyin olub-olmayacağı ictimaiyyətə açıqlanacaq.
İclas niyə ertələndi?
İyunun 2-də keçirilməli olan iclasda prezident Kamran Quliyevlə idman direktoru Zaur Əzizovun hesabat verməsi nəzərdə tutulurdu. Bundan başqa, “ağ-qaralar”ın əsas və əvəzedici komandasının baş məşqçisinin adı açıqlanmalıydı. Ancaq klubun əsas sponsoru SOCAR-dan gələn mesaj toplantının başqa vaxta, daha dəqiq desək, iyunun 8-nə ertələnməsinə səbəb oldu. Ortaya sual çıxır: niyə iclas planlaşdırılan vaxtda baş tutmadı, bunun arxasında nə durur? Sən demə, vaxtın ertələnməsi heç də boşuna deyilmiş. Ötən həftə Bakıda 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçirildiyindən SOCAR rəhbərliyinin başı daha ciddi tədbirə qarışıb. Və bu səbəbdən “Neftçi”nin Müşahidə Şurasının toplantısının vaxtı dəyişib. Xatırladaq ki, 31 ölkədən 250-dən çox şirkətin qatıldığı sərgi iyunun 3-də başa çatıb.
Bizə çatan bilgiyə görə, paytaxt təmsilçisinin funksionerləri 2022/23 “futbol ili” ilə bağlı planlarını klubun əsas sponsoruna təqdim ediblər. Yeni planda klub üçün prioritet istiqamətlər əksini tapıb. Birincisi qarşıdan gələn avrokuboklar mövsümündə Konfrans Liqasında uğurlu çıxış etmək üçün tələb olunan şərtlərdi. İkinci məqam əsas komandanın yalnız gələn mövsüm yox, növbəti illərdə də titullar qazanmasının dayanıqlığının təmin edilməsidi. Hər iki istiqamət üzrə planın gerçəkləşdirilməsinin təməlində büdcə artımı dayanır. Yönəticilərin fikrincə, SOCAR yeni mövsüm üçün büdcə artımına getməsə, “Neftçi” yeni mövsümdə də ciddi məqsədlər uğrunda mübarizə apara bilməyəcək, nə daxili çempionatda, nə də beynəlxalq arenada uğur qazamaq mümkün olacaq.
Əcnəbi baş məşqçi seçimi...
“Neftçi”ni kim çalışdıracaq” sualı bü gün çoxları üçün maraqlıdı. Təxminən iki aya yaxındı ki, mətbuatda Samir Abasovun postundan gedəcəyi, onun əvəzinə əcnəbi mütəxəssis dəvət olunacağı yazılır. Hətta klubdan da mediaya ötürülən informasıyada baş məşqçi postuna əcnəbi namizədlərin olduğu təkzib olunmur. O da bildirilir ki, Abasovla da yola davam etmələri mümkündü. Bəs bu nədən asılıdı? Heç şübhəsiz, büdcədən. Etibarlı mənbədən əldə etdiymiz məlumarta görə, büdcə artımı olacağı təqdirdə “sükan arxasına” əcnəbi mütəxəssis keçəcək. Onların arasında ukraynalı Vitali Vernidubun, gürcü Temuri Ketsbayanın və belaruslu Viktor Qonçarenkonun adı hallanır. Vernidubun vətənində müharibə getdiyindən 56 yaşlı mütəxəssis hərbi səfərbəliklə bağlı ölkəni tərk edə bilməz. Son iş yeri “Şerif” olan məşqçi ilə yaxın münasibətdə olan menecer Səbuhi Səfiyarlı da qəzetimizə açıqlamasında bunu etiraf etmişdi. Gürcüstanlı Ketsbayaya gəlincə, onun illik 350 min avro maaş, 20 milyonluq büdcə tələb etməsi “Neftçi” rəhbərliyini qane etməyib.
Qalır Qonçarenko. Mediada 44 yaşlı mütəxəssisin bugünlərdə Bakıya səfər etdiyi yazılsa da, klubdan bu xəbər təkzib olunub və karyerası ərzində BATE, “Kuban”, “Ural”, ÇSKA, “Ufa”, “Krasnodar” kimi klublarda çalışmış məşqçinin Azərbaycan paytaxtına gəlmədiyi bildirilib. Söylənilənlərə inansaq, hazırda Moskvada olan çalışdırıcı “Neftçi”dən xəbər gözləyir. Ancaq yenə rəsmi olmayan məlumatlara inansaq, Qonçarenko danışıqlar prosesində “ağ-qaralar”ın rəhbərliyinin qarşısına şərtlər qoyub. Komandanı istər daxili, istərsə də qitə arenasında uğura daşımaq üçün 3 il vaxt istəyən mütəxəssis illik 250 min dollar maaş tələb edib. Rəsmilərin əməkhaqqı və müddət mövzusunda onunla razılaşdığı bildirilsə də, belaruslunun 9 nəfəlik heyətlə “Neftçi”yə gəlmək istəyi xoş qarşılanmayıb. Ona hələ büdcənin təsdiq olunmadığı, təsdiq olunacağı halda belə 9 köməkçinin çox olduğu deyilib. Bu cavab isə belaruslunu narazı salıb. Buna baxmayaraq, Qonçarenkoya “məsləhət olsa, yaxın günlərdə səninlə əlaqə saxlayacağıq” deyilib.
Abasovla yola davam etmək ehtimalı
Bəli, son iki ildə “Neftçi”yə çempionluq və “gümüş” qazandıran Samir bəyin “Neftçi”nin baş məşqçisi kimi işini davam etdirməsi ehtimalı da var. Bu yalnız o halda mümkün ola bilər ki, SOCAR klubun büdcəsini artırmasın və ya bu artım cüzi olsun. Belədə baş məşqçi postuna namizəd olan əcnəbi mütəxəssislər, çətin ki, “Neftçi”nin təklifini qəbul edib iş yerlərini Bakıya dəyişsinlər. Onda seçim qarşısında qalan rəhbərlik köhnə-yeni baş məşqçi ilə yola davam edəcək.
Son söz əvəzi
Bu gün üçün adı “Neftçi” ilə yanaşı hallanan əcnəbi mütəxəssislərin hər biri məşqçi kayeraları ərzində müxtəlif klubları çalışdırıb, müəyyən uğurlara imza atıblar. İstər Vernidub, istər Ketsbaya, istərsə də Qonçarenko MDB məkanında özləri barədə müsbət fikir formalaşdırmış mütəxəssisdi. Ancaq onların klub rəhbərliyi qarşısında irəli sürdüyü maliyyə şərtləri də Azərbaycan meyarlarına görə çox yüksəkdi. Tutaq ki, rəsmilər seçim zamanı onlardan birinin namizədliyini təsdiqlədi və istədiyi vəsaiti ayırdı. Bəs uğursuzluq olsa, komanda qarşıya qoyulan məqsədə çatmasa, necə olacaq? Belə çıxır ki, SOCAR-dan ayrılan növbəti milyonlar havaya sovrulacaq. Onda kim günahkar olacaq, kim məsuliyyəti boynuna çəkəcək? Kim boynunu edam kötüyünün üstünə qoyacaq? Fikrimcə, əcnəbi məşqçinin şərtlərini qəbul edib, onun nazı ilə oynamaqdansa, əcnəbiyə ayrılacaq milyonların yarısı iki ildi komandanı çalışdıran, 8 ildən sonra çempionluğa daşıyan, bu il titul qazandıra bilməsə də, vitse-çempion edən Abasova verilsin, heyəti gücləndirmək yönündə ona şərait yaradılsın. Belədə “Neftçi” həm maddi planda irəli düşər, həm də daha bir yerli mütəxəssisin inkişafına töhfə vermiş olar.
RƏŞAD