“Qarabağ” çempion, “Neftçi” gümüş, “Zirə” bürünc mükafatçı oldu. “Qəbələ” isə 4-cü yerin sahibi kimi Konfrans Liqasına vəsiqə qazandı. Avrokuboklarda iştirak edəcək komandalar indidən növbəti mövsümün planlarını cızır. “Qarabağ”, “Zirə” və “Qəbələ”nin yay hazırlıq planları bəllidi. Ağdam təmsilçisi Avstriyada, “qartallar”la “qırmızı-qaralar” isə Türkiyədə təlim-məşq toplanışında olacaq. “Neftçi”də vəziyyət fərqlidi. Flaqmanın planları haqda nə rəsmi, nə də qeyri-rəsmi xəbər var. Komandanın baş məşqçisinin kimliyi də bəlli deyil. Görəsən, bu suallara nə vaxt aydınlıq gələcək? Böyük ehtimalla Müşahidə Şurasının iclasından sonra sadaladığımız məsələlər bəlli olacaq.
Bizi maraqlandıran sualları klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:
“Müşahidə Şurasının iclası növbəti həftəyə nəzərdə tutulub. Baş məşqçi ilə bağlı məsələyə aydınlıq gələndən sonra başqa problemlər də həllini tapacaq. Bundan sonra komandanın nə vaxt toplaşacağını, hazırlığın neçə mərhələdən ibarət olacağını, harda təlim-məşq toplanışı keçəcəyimizi rəsmi saytımız vasitəsilə ictimaiyyətə açıqlayacağıq”.
Hər klubun müəyyən planları olur – bu məqamla işimiz yox. Amma sabah Allah eləməsin, hansısa uğursuzluq halında dərhal vaxt çatışmazlığı yada düşür. Mayın 21-də ölkə çempionatına yekun vurulub. Bu gün mayın 26-dı. Ancaq “Neftçi”nin yola Samir Abasovla davam edib-etməyəcəyi belə bilinmir....
İLKİN SULTANLI



