Ardıcıl 4 oyun keçirəcək komandanın yekun heyəti mayın 30-da açıqlandı. De Byazinin budəfəki seçimi də müzakirələrə səbəb oldu. Bunlardan ilki heyətdə yer alan bəzi futbolçuların oyun praktikasından əziyyət çəkməsidi. Cari “futbol ili”ndə cəmi 127 dəqiqə meydanda olmaq imkanı tapan Bədavi Hüseynov, Riçard Almeyda kimi oyunçular yığmanın müqəddəratını həll edəcək matçlar üçün 26 nəfərlik siyahıya əlavə edilib. Ancaq bu mövsüm premyer-liqada yüksək performansı ilə seçilən bir neçə futbolçu milliyə çağrılmayıb. Onlar, komandası autsayder olsa belə, parlaq oyun nümayiş etdirən “Səbail”dən Adil Nağıyev, Murad Musayevin haqlı olaraq “Sabah”ın lideri adlandırdığı Elvin Camalov və müdafiədən oyun qurmaq bacarığı olan Amin Seydiyev, mövsümü 4-cü pillədə başa vuraraq Konfrans Liqasında iştirak haqqı qazanan “Qəbələ”dən Murad Musayev, Rövlan Muradov və Məqsəd İsayevdi. Təbii ki, bu siyahıda olmağı haqq edən “Qarabağ”dan Filip Ozobiçi də unutmayaq. Ancaq qeyd etmək lazımdı ki, xorvat əsilli futbolçu ilə Seydiyev zədə səbəbindən millidə çıxış edə bilmir. Qalan futbolçuların çağrılmamasının səbəbini deyə bilmərik. Maraqlıdı, adı çəkilənlər milliyə dəvət almamalarının səbəbini nədə görür?
Sualımıza cavab tapmaq üçün onlardan biri olan Adil Nağıyevlə danışdıq:
“Əlbəttə ki, mən də milliyə dəvət alacağımı düşünürdüm. Həqiqətən yaxşı mövsüm keçirmişəm. Düzdü komanda şəklində nəticə verə bilmədik. Amma fərdi olaraq uğurlu mövsüm keçirdiyimi düşünürəm. Həqiqətən yığmaya çağırılmadığım üçün çox pis oldum. Çünki komandasında əsas heyətə daim oynamayan futbolçular milliyə çağırılıb. Ancaq daim meydanda olanlar qıraqda qalır. Baş məşqçinin qərarı belədisə nə etmək olar? Nə vaxtsa yığmaya çağrılacağıma inanıram”.
SƏNƏM FƏRHADOVA





