Azərbaycan millisi iyunda Millətlər Liqasının seçmə mərhələsində 10 günə 4 oyun keçirəcək.
Dünən yığmamızın baş məşqçisi Canni de Byazi yekun heyəti açıqlayaraq 26 futbolçuya dəvət göndərib. Heyətdə bəzi futbolçuların yer alması təəccüb doğurdu.
“Çərçivə”
Qapı xəttində italiyalı mütəxəssisin sərəncamında Şahruddin Məhəmmədəliyev, Səlahət Ağayev və Emil Balayev kimi təcrübəli qolkiperlər yer alır. Lakin onların arasında "Qarabağ"ın "1 nömrə"sindən başqa digərləri oyun praktikasından əziyyət çəkir. Səlahət sonuncu dəfə 23-cü turda “Sabah”ın heyətində yer alıb, qalan matçlarda “çərçivə”ni gənc həmkarı Yusif İmanova güzəştə getməli olub. Emil "köhlən atlar"ın heyətində şans qazana bilmədikdən sonra qış fasiləsində Qazaxstan "Turan"ına keçməklə yenidən legioner həyatına qədəm qoysa da, cəmi 1 matçda şans qazanıb. Oyun təcrübəsindən əziyyət çəkən iki qapıçıdan birinin əvəzinə "Zirə"nin heyətində son oyunlarda özünü yaxşı tərəfdən göstərən Anar Nəzirova dəvət göndərmək olmazdı? 36 yaşlı qolkiper əvvəllər də müntəzəm olaraq millinin toplanışlarında yer alıb. Görünür, De Byazi hər iki əlcək sahibinin oyun praktikası baxımından “pəhrizdə olmalarını” yığmadakı təcrübələri ilə “sığortalamaq”da maraqlıdı.
Müdafiə
Müdafiə xəttində Bədavi Hüseynovun adının olması olduqca təəccüblüdü. 8 aydan çoxdu zədə üzündən yaşıl meydandan uzaq qalan müdafiəçi sağalandan sonra mövsümdə cəmi 130 dəqiqə oynayıb. Onsuz da son illərdə yığmanın müdafiə xəttində böyük problemlər var. Belə olan halda oyun təcrübəsi olmayan dağıstanlıya dəvət göndərmək bu qədər vacib idi? Onun əvəzinə klublarında müntəzəm oynayan Adil Nağıyevlə Murad Musayevə dəvət göndərilsə, daha ədalətli olmazdı? Hər iki müdafiəçi ucaboy olduqlarından yalnız arxa xətdə yox, hücumda – “ikinci mərtəbə”də də yığmaya fayda verə bilərdi.
Yarımmüdafiə
Yarımmüdafiəyə iki futbolçunun dəvət almasını düşüncəsizlik adlandırsaq, yanılmarıq. Söhbət Dmitri Nazarovla Riçard Almeydadan gedir. Yaxın keçmişdə koronavirus pandemiyasını bəhanə gətirərək millinin toplanışına gəlməkdən imtina edən "13 nömrə"ni yenidən milliyə dəvət etməklə hansı inkişafa nail olacağıq?! Bu vaxta qədər ölkənin bir nömrəli komandasına fayda vermək, onu irəli aparmaq üçün yox, Almaniyada sırf transfer qiymətini qaldıran Nazarov birdən-birə vətənpərvər, alturist oldu?! Özünü azərbaycanlı saymayan Almaniya vətəndaşından milli üçün can qoyub, döyüşməyi gözləmək, yüngül desək, sadəlöhvlükdü. Azərbaycan millisində Nazarov kimilərin dövrü çoxdan bitib. Belə əcnəbilərin üzünə yenidən millinin qapısını açmaq həm geriyə addım, həm də ölkənin əsas komandasını gözdən salmaqdı.
Riçard Almeyda artıq 33 yaşındadı və əvvəlki formasından çox uzaqdı. Braziliyalı yola saldığımız mövsümdə cəmi 16 oyunda şans qazansa da, heç nə ilə yadda qalmayıb. De Byazi başda olmaqla bəziləri o düşüncədədi ki, yığmaya təcrübəli, ağsaqqal futbolçular lazımdı. Dilimizi, etnopsixologiyamızı bilməyən, azərbaycanlı olmağı ilə qürur duymayanlardan meydanda hansı ağsaqqallıq gözləmək olar?! Millimizə təcrübəli, ağsaqqal futbolçu gərəkdirsə, niyə Asif Məmmədov “26-lıq”da yoxdu? 36 yaşlı kapitan "Qəbələ"nin əsas üzvü olmaqla yanaşı, komandasının oyun qurucusu, meydanda intizam harmoniyasının saxlanılmasında əsas fiqurdu. Son mövsümü yaxşı formada keçirən təcrübəli yarımmüdafiəçi 27 oyunda 2 qol, 5 məhsuldar ötürmə müəllifi olub. Yerli futbolçuların hamısını yaxından tanıyan Asif Məmmədov meydanda ağsaqqallıqla yanaşı, daha çox can qoyub döyüşəcək, nəinki "milliləşdirilənlər”. Deyək ki, “sükan arxasında” olanlar yaşının çoxluğunu bəhanə gətirib onu yığmaya layiq bilməyiblər. Bəs Rəhman Hacıyev kimi təcrübəli və klubunda müntəzəm oynayan yarımmüdafiəçi niyə ofsaydda qalmalıdı? Aidiyyatı şəxslər hələ də anlamır ki, pasportumuzu daşıyan əcnəbilər Azərbaycan millisinin donanmasının açıq dənizdə sürətlə üzməsində maraqlı deyil, onu qayalıqlara çırpmaqla məşğuldu.
Hücum
De Byazinin yeganə öyünə biləcəyi mövqe hücum xəttidi. İtaliyalının sərəncamında Ramil Şeydayev, Mahir Emreli, Namik Ələskərov və Renat Dadaşov var. “Dördlüy”ün hər biri yaxşı formadadı. Onların son göstəricilərinə nəzər salaq:
Ramil Şeydayev "Qarabağ"ın heyətində son mövsümdə 30 oyuna 11 qol vurub, 4 məhsuldar ötürmə edib.
Türkiyənin 1-ci liqasında legioner həyatı yaşayaraq özünü yaxşı tərəfdən göstərən Namik Ələskərov "Bursaspor"un heyətində 33 oyunda 8 dəfə rəqib qapılarına yol tapıb, 6 qol ötürməsi edib.
Müqavilə ilə İngiltərə "Vulverhempton"una məxsus Renat Dadaşov icarə əsasında çıxış etdiyi Portuqaliya "Tondela"sında mövsüm ərzində 33 oyuna 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mahir Emreli əvvəlcə "Legiya"nın heyətində parlayaraq 33 oyuna 11 qol, 2 assistlə yadda qaldı. Qış fasiləsindən sonra Zaqreb "Dinamo"suna keçən Mahir yeni komandasında 8 oyunda 2 dəfə rəqib qapılarına yol tapdı və mövsümü Xorvatiya çempionu kimi başa vurdu.
Hücumçular yığmanın Qazaxstan, Belarus və Slovakiyaya qarşı matçlarında avanqard olmaqla yanaşı, əsas silahlarımız olacaq.
De Byazi rəsmi görüşlər ərəfəsində baş tutan yoldaşlıq oyunlarında “donanmanı batırdı”. Görək seçmə mərhələdə millini nə qədər irəli aparacaq? Özü demiş, bayrağımız üçün döyüşməli, qələbə qazanmalıyıq!
ABDULLA İSMAYILOĞLU