Avroliqanın son qalibi “Efes” titulunu qorumaq yolunda önəmli addım atdı. “Olimpiakos”la oyunda “pivəçilər”ə qələbəni son saniyədəki üçxallıq atışla Vasilie Miçiç qazandırdı. Onu da vurğulayaq ki, Belqraddakı 18386 yerlik “Ştark Arena”da yunan azarkeşlərin sayı türklərlə müqayisədə dəfələrlə çox idi. Hər halda, bu məqam “Efes”in gözünü qorxutmadı. Sona 20 saniyə qalmış “Olimpiakos”un mərkəz oyunçusu Hassan Martin hesabı bərabərləşdirdi – 74:74. “Efes”in baş məşqçisi Ərgin Ataman son hücum ərəfəsində taym-aut götürdü. Miçiç hiyləgərcəsinə son saniyəni gözlədi və az qala final fiti ilə eyni anda topu səbətə atdı. Qalan 0,2 saniyə yunanların məğlubiyyətdən qurtulmasına bəs etmədi.
Ataman oyundan sonra zarafatlaşdı:
“Qreqq Popoviçin oyunlara baxmaq üçün bura gəlməsi mənə çox xoşdu. O, basketbolun əfsanəsidi. Bəlkə ardıcıl 3-cü dəfə finala çıxandan sonra avropalı məşqçini MBA-ya aparmağı düşünə… O, 4 il əvvəl “San-Antonio”nun düşərgəsində olanda mənə yardım etdi. 10 gün komanda ilə birgə oldum. Təkcə böyük məşqçi deyil, həm də çox maraqlı adamdı”.
“San-Antonio”nun əfsanəvi məşqçisi Belqrada turnirin xüsusi qonağı kimi dəvət olunub. Atası serb mənşəli olan Popoviç üç il əvvəl də “Sərhədsiz basketbol” layihəsi çərçivəsində Serbiya paytaxtına baş çəkmişdi. Xatırladaq ki, 1996-cı ildən bəri “San-Antonio”ya rəhbərlik edən, hazırda 73 yaşı olan mütəxəssis bu komandanı 5 dəfə çempion edib, MBA-da qələbə sayına (1344) görə rekordçudu.
“Efes”ə qələbə qazandıran serb Miçiç isə hisslərini belə ifadə etdi:
“Baş məşqçi yaxşı ritm yaxaladığımı hiss etdi. Həmişə deyirəm ki, Şeyn Larkinlə münasibətlərimiz əladı. Buna qədər bir neçə atışı boşa versəm də, sakit idim. Bu son atışa hər cəhətdən hazır idim. Atdım və səbətə düşdüm. Düzünü desəm, qarşımda kimi dayandığına fikir vermədim. Bu an mənə çox uzun göründü. Vezenkov bu gün müdafiədə çox yaxşı oynadı. Təəssüf ki, mənim aldadıcı hərəkətim zamanı tullandı. Mən isə bir qədər yana çəkildim və topu səbətə atdım”.
“Efes” bu gün keçiriləcək final oyununda “Real”la qarşılaşacaq. Halbuki “Barselona” İspaniya derbisinin gedişində 15 xal önə çıxmışdı. Kataloniyalıların baş məşqçisi Şarunas Yasikyaviçyus komandası 2-ci hissədə rəqibə 52 xal qazanmaq imkanı yaratdığına görə qəzəbini gizlətmədi.




