Qarşılaşmadan sonra cənub klubunun prezidenti Pərviz Hüseynov rəqibin heyətində meydanda peşəkar futbolçuların çıxış etdiyini bildirdi. Cənublular Azər Bağırovun çalışdırdığı komandadan AFFA-nın İntizam Komitəsinə şikayət məktubu da göndərdilər.
İntizam Komitəsinin ötən gün açıqlanan qərarından sonra vəziyyət kəskin dəyişdi. Belə ki, qurum “Xan Lənkəran”la “Araz-Naxçıvan” arasındakı oyundan sonra aparılan araşdırma zamanı Naxçıvan təmsilçisinin heyətində çıxış edən futbolçulardan Orxan Əliyevlə Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olduğunu müəyyənləşdirdiyini, bu səbəbdən də “Araz-Naxçıvan”a 0:3 hesablı texniki məğlubiyyət verildiyini bəyan etdi. Beləliklə, Region Liqasının final matçının “Cəbrayıl” və “Xan Lənkəran” arasında Şamaxı şəhər stadionunda keçiriləcəyi də elan olundu.
“Araz Naxçıvan”ın vitse-prezidenti Sakit Rzayev isə məsələ ilə bağlı bunları dedi:
“Qərar bizim üçün həqiqətən gözlənilməz oldu. Bu futbolçular Naxçıvan çempionatında ən az 4-5 matçda meydanda olublar. Necə oldu ki, orda onlarla bağlı heç bir problem çıxmadı, bura gələndə qaydalara zidd olduğu deyildi? Sadəcə, uduzan komanda məğlubiyyəti həzm edə bilməyib şikayət etdi. Həmin oyunçuları qeydiyyatdan keçirmişik. Problem var idisə, həmin vaxt niyə üzə çıxmadı? Bir neçə futbolçunun peşəkar müqaviləsi olduğunu dedilər. Biz də qaydalara uyğun hərəkət edib, həmin oyunçuların adını iştirak ərizəsindən çıxardıq. Ancaq adı çəkilən futbolçularla bağlı qurum qayda pozuntusu olduğunu deməmişdi. Həmin oyunçuların 1 il öncə müqavilələlərinin ləğvi ilə bağlı sənədlər əlimizdədi. Lakin beynəlxalq transfer qaydalarına uyğun olmadığını dedilər. Bu halın olduğunu desəydilər, biz də ona uyğun addım atardıq. Belə deyim, biz bu günün yox, gələcəyin komandasını qururuq, ona görə də yolumuza davam edəcəyik. Qaydalara uyğun da “Qusar”la 3-cü yer uğrunda oyuna çıxacağıq. Qərardan şikayətə gəlincə, bu artıq rəhbərliyin verəcəyi qərardı”.
SƏNƏM FƏRHADOVA






