“Arpaçay” da “Araz Naxçıvan”ın ədalətsizliyə yol verdiyini açıqladı - AÇIQLAMA

22.05.2022 15:36
Ölkə futbolu
AFFA İntizam Komitəsinin Region Liqasının yarımfinalında “Xan Lənkəran”ı məğlub edərək adını finala yazdıran “Araz Naxçıvan”ın nəticəsini ləğv etdi və komandaya texniki məğlubiyyət verdi.

Buna səbəb Azər Bağırovun komandasının heyətində meydana peşəkar futbolçuların çıxması idi. Bu üzdən Naxçıvan təmsilçisi dünən 3-cü yer uğrunda oyunda “Qusar”la üz-üzə gəldi. Bağırovun komandası bu görüşdən də 2:1 hesabı ilə qalib ayrılaraq mövsümü 3-cü kimi tamamladı. Qəzetimizin ötən sayına açıqlamasında klubun vitse-prezidenti Sakit Rzayev Elməddin Məmmədovla Orxan Əliyevin Naxçıvan çempionatında da ən az 4-5 oyunda çıxış etdiyini, problem var idisə, niyə o vaxt üzə çıxmadığını söyləmişdi.

Bu açıqlamadan sonra bölgə çempionatını 2-ci pillədə başa vuran “Arpaçay” sosial şəbəkə hesabında bəyanat yaydı. Bəyanatda bu sözlər qeyd olunub:

“AFFA-nın İntizam Komitəsinin 18.05.2022-ci il qərarına əsasən 15.05.2022-ci ildə baş tutan “Xan Lənkəran” – “Araz Naxçıvan” oyununun nəticəsini dəyişən səbəbdən sizə bildiririk ki, həmin peşəkar futbolçular Region Liqasının Naxçıvan zonasında 2-ci dövrə başlayandan çıxış edirlər və hətta 1-ci dövrədən təxirə salınan oyunlarda belə iştirak ediblər. Bu səbəbdən sizdən xahişimiz odu ki, “Araz Naxçıvan”ın oyunlarının bütün protokollarını araşdırasız (20.03.2022-də baş tutan “Araz Naxçıvan” – “Arpaçay" oyununda qapıçı Elməddin Məmmədov meydanda idi. Amma 30.03.2022-də rəsmiləşməsi var). Doğru araşdırmadan sonra bu təsdiqini taparsa, turnir cədvəlini 2-ci olaraq tamamlayan Şərurun “Arpaçay” komandası Region Liqasının yarımfinalına vəsiqə qazanmalıdı. Ədalətli qərar verəcəyinizə inanırıq”.


Göründüyü kimi, Şərur təmsilçisi bu oyunçuların daxili çempionatda da meydanda olduğunu söyləyir və bunun üçün də AFFA-ya müraciət edib. Görəsən, qurumun onlara cavabı nə olub? Bunu öyrənmək üçün “Arpaçay”dan Fərəc Orucovla danışdıq. Klub rəsmisi bu məsələnin həlli üçün artıq gec olduğunu və 3-cü yeri tutan “Araz Naxçıvan”a uğurlar arzuladığını deməklə kifayətləndi.

SƏNƏM FƏRHADOVA