Bu il “Neftçi”nin 85 illik yubleyidi. Lakin flaqman mövsümü titulsuz başa vurdu.
Bir çoxları komandanın uğursuzluğunun səbəbkarı kimi Samir Abasovu görür. Əsasən də azarkeşlər. Flaqmanın əsas dəstəkçisi olan “Forza Neftçi”nin üzvləri mütəxəssisdən inciyib. Çünki Abasov onları “mövqeyi olmayan” adlandırıb. Amma məşqçi həm klubun rəsmi saytına, həm də “Zirə” ilə matçdan sonra baş tutan mətbuat konfransında açıqlamasında bildirdi ki, bütün azarkeşləri nəzərdə tutmur. Mövzumuz başqadı və ümid edirəm ki, baş məşqçi ilə azarkeşlər barışacaq. Ataların bir misalı var: çəkişməsən, bərkişməzsən!
Bu gün Azərbaycan mediasında da bir çoxları Samir Abasovun “Neftçi”dən getməsini istəyir. Niyə və nə üçün? Bunu aydınlaşdırmaq lazımdı. Qusarlı məşqçinin səhvi nədi? “Qarabağ”ın hamıdan aşkar güclü olduğu liqada gümüş medalları təmin edib? Kubokun finalına vəsiqə qazana bilməyib? Bəli, doğrudu. “Neftçi” 85 illiyində titulsuz qalıb. Bunların hamısı doğrudu. Gəlin, bir qədər düşünək. Bütün bunların yeganə günahkarı Abasovdu? Xeyr! Mövsümün əvvəlində transferlərin gecikməsinin və uğursuz Avropa turunun səbəbkarı kimdi? Deyək ki, həmin vaxt klubun idman direktoru yox idi. Normal transferlər ediləndən sonra Abasovun komandası ardıcıl 10 premyer-liqa matçının 9-da qələbə qazanıb, 1-də heç-heçə edib? Bəli! “Zirə”yə yalnız penalti seriyasında məğlub olub? Bəli! Nə üçün bu baş məşqçini sıxma-boğmaya salırıq? Hamı qəbul edər ki, qış fasiləsindən sonra “Qarabağ”ın çempion olacağı bəlli idi. Tək ümid qalırdı Azərbaycan kubokuna. Qeyd-şərtsiz bu turnirdə qalib olmaq qarşıya qoyulmuşdu. Oyunçuların penaltini yerinə yetirə bilməməsi də Abasovun günahı deyil.
Gəlin, bir az keçmişə qayıdaq. Abasov mövsümün əvvəlində ancaq şikayətlənirdi ki, yerli futbolçularım yoxdu. Lakin bu gün vəziyyət dəyişib. Eddi İsrafilov, Azər Salahlı kimi yerlilər transfer olundu. Ramin Nəsirli, Rüfət Abbasov, Vüsal Əsgərov və əsasən də Fərid Yusifli kimi gənclər meydana çıxır. Adı çəkilənlərlə komanda formalaşmağa başlayır. İndi bu sistemi dağıtmağa nə ehtiyac var?
Ən vacib məqam! Azər Əliyevin problemi həll olunmayıb. Baş məşqçi dəfələrlə açıqlama verib ki, bu mövzu məni çox sıxır. Azərbaycanlı futbolçu “Neftçi”də legioner kimi çıxış edir. Bunun həlli istiqamətində heç kim nəsə etmir. Samir bəy açıq deyir ki, bunun həllini rəhbərlikdən soruşun! Bəlkə bu məsələni həll edə bilməyənlər məşqçini problem olaraq göstərirlər? Nə bilmək olar...
“Futbol+”in daimi oxucularına bir sual vermək istəyirəm. Ardıcıl üç mövsüm “Neftçi”ni çalışdıran məşqçini xatırlayırsız? Azərbaycan futbolunu çoxdan izləyənlər bu sualın cavabını bilər. Sizi intizarda saxlamayım, cavabı deyim. Söhbət Vaqif Sadıqovdan gedir. Hazırda AFFA-nın vitse-prezidenti olan şəxs 1993-95-ci illərdə flaqmanda baş məşqçi olub (1992/93 mövsümünün sonu, 1995/96-nın əvvəli). 30 ilə yaxındı “Neftçi”də heç kim üç mövsüm komandanın başında ola bilməyib. Bəlkə uğursuzluqların səbəbi də elə budu. Çox uzağa getməyək. Elə “Qarabağ”a diqqət yetirək. Uzun illərdi Qurban Qurbanov Ağdam təmsilçisini çalışdırır. Uğurlu nəticələr əldə edib. Guya 50 yaşlı mütəxəssisin əvvəllər azarkeşlərə problemləri olmayıb? Ötən mövsüm nə premyer-liqanın, nə də kubokun qalibi oldu. Amma rəhbərlik ona güvəndi. İndi də daha 3 illik müqavilə bağladı. 6 ay ərzində komandanı çempion edən, indi normal heyət formalaşdıran şəxsi göndərmək nə qədər məntiqə sığır? Konfrans Liqası kimi turnirin qrupuna vəsiqə qazanılmasa, elə mövsümün əvvəlində Samir Abasovla yollar ayrıla bilər. İndi bu həssas məqamda yeni baş məşqçi gətirmək yanlış addım olar. Ümid edirəm ki, “Neftçi” rəhbərliyi Abasova güvənər və tezliklə yeni müqavilə bağlayar.
İLKİN SULTANLI