“Qarabağ”ın və yığmanın müdafiəçisi Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Əyn"dən FİFA-ya şikayət ərizəsi ünvandığından xəbəriniz var.
Ötən saylarımızın birində futbolçunun agenti Səbuhi Səfiyarlıya istinadla bu haqda məlumat vermişdik. Səfiyarlı martın əvvəlində “Futbol+”ə verdiyi açıqlamada ali futbol qurumunun Mustafazdənin şikayətinə martın 17-də baxacağını da söyləmişdi.
Artıq deyilən vaxtdan bir aydan da çox vaxt ötüb. Ancaq FİFA-nın hansı qərar verdiyindən xəbər yoxdu. Hadisələrin hansı məcrada davam etdiyini öyrənmək üçün yenidən Səbuhi bəylə əlaqə saxladıq. Onunla danışanda məlum oldu ki, bu xəmir hələ çox su aparacaq:
“FİFA şikayət ərizəsinə baxıb və aprelin 23-də sənədləri qarşı tərəfə göndərib. Ali futbol qurumu ərəb klubunun dəlillərini də bilmək istəyir. Bunun üçün “Əl-Əyn” rəhbərliyinə 3 həftə vaxt verilib. Böyük ehtimalla 2 həftədən sonra qərar veriləcək”.
[quote][/quote]
Qeyd edək ki, Bəhlul BƏƏ klubundan 900 min avro təzminat tələb edir. “Qəbələ”nin yetirməsi onunla 3 illik müqavilə bağlayan və iyulun 1-dən qüvvəyə minən anlaşmanı sonradan birtərəfli qaydada pozan “Əl-Əyn”in qeyri-peşəkar davranışa görə sərt cəzalandırılmasını istəyir. “Əl-Əyn”lə razılığa gəlməsi səbəbindən “Sabah”dan ayrılan, ərəblərin məlum addımı üzündən “Qarabağ”ın yolunu tutan Mustafazadənin FİFA-ya göndərdiyi şikayət ərizəsində 900 min avronu qeyd etməsi təsadüfi deyil. Belə ki, BƏƏ klubu rəsmi sənədlərə əsasən 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürmüşdü.
RƏŞAD