FIFA Bəhlul Mustafazadə ilə bağlı qərarını bu tarixdə açıqlaya bilər - ÖZƏL

23.03.2022 17:42 2 019
Aktual
Ötən ilin yayında “Sabah”ın formasını geyən Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”ə transferi gündəmə gəlmişdi.

Həmin vaxt “tələbələr” də müəyyən təzminat qarşılığında müdafiəçi ilə vilaşmağa hazır olduğunu bildirmiş və Bəhlulla yolları ayırmışdı. Ancaq sonradan, daha doğrusu, tərəflər arasında 3 illik müqavilə bağlanmasına rəğmən, BƏƏ təmsilçisi anlaşmanı birtərəfli qaydada pozmuşdu ki, məhz bu səbəbdən Mustafazadə “Əl-Əyn”dən FİFA-ya şikayət ünvanlamışdı.

Hazırda “Qarabağ”ın formasını geyən müdafiəçi BƏƏ klubu qarşısında 900 min avroluq iddia qaldırıb. Çünki “Əl-Əyn” rəsmi sənədlərə əsasən 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürmüşdü. Təxminən bir ay əvvəl “Football-plus.az” saytı bu məsələ ilə bağlı FIFA-nın martın 17-də yekun qərarını açıqlayacağını xəbər etmişdi. Artıq deyilən tarixin üstündən 6 gün ötüb. Beynəlxalq futbol qurumunun hansı qərar verdiyini bilmək üçün Bəhlulun agenti Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq:

“Hələ ki FIFA-dan bir xəbər yoxdu. Vəkillə əlaqə saxlamışıq. O yekun qərarın martın 25-dən sonra açıqlanacağını bildirib”.


RƏŞAD