FİFA “Qarabağ”ın futbolçusuna görə bu kluba 15 gün vaxt verib - AÇIQLAMA

29.03.2022 20:52 703
Ölkə futbolu / Manşet
Ötən ilin yayında “Sabah”ın formasını geyən Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”ə transferi gündəmə gəlmişdi.

Həmin vaxt “tələbələr” də müəyyən təzminat qarşılığında müdafiəçi ilə vilaşmağa hazır olduğunu açıqlamış və Bəhlulla yolları ayırmışdı. Ancaq sonradan, daha doğrusu, tərəflər arasında 3 illik müqavilə bağlanmasına rəğmən, BƏƏ təmsilçisi anlaşmanı birtərəfli qaydada pozmuşdu. Məhz bu səbəbdən Mustafazadə “Əl-Əyn”dən FİFA-ya şikayət ünvanlamışdı ki, bu haqda ötən həftə xəbər vermişdik.

Hazırda “Qarabağ”ın formasını geyən müdafiəçi BƏƏ klubuna qarşı 900 min avroluq iddia qaldırıb. Çünki “Əl-Əyn” rəsmi sənədlərə əsasən 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi öhdəsinə götürmüşdü.

FİFA sözügedən məsələyə martın 17-də münasibət bildirməli olsa, cavab hələ də gecikir. Mustafazədnənin “Əl-Əyn”ə keçidində vasitəçilik edən Səbuhi Səfiyarlı bir neçə gün əvvəl “Football-plus.az” saytına açıqlamasında martın 25-də qərarın açıqlanacağını söyləmişdi. Amma həmin tarixin üstündən bir neçə gün keçməsinə baxmayaraq, hələ də bu yöndə yenilik yoxdu. Bu üzdən yenidən Səbuhi bəylə əlaqə saxladıq:

“Sizdən bir az əvvəl vəkillə əlaqə saxladım. Bildirdi ki, 15 gün ərzində qarşı tərəf ali futbol qurumuna bəzi sənədlər təqdim etməlidi. Həmin müddətdən artıq 10 gün keçib. Ərəblərdən hələ ki xəbər yoxdu. Müddətin başa çatmasına bir neçə gün qalıb. Görək qarşı tərəf nə arqument təqdim edəcək? Fikrimcə, “Əl-Əyn”in tutarlı faktları olsaydı, bu günə kimi FİFA-ya təqdim edərdi”.


RƏŞAD