“Barselona” və bu klubun milyonlarla azarkeşi hələ də aprelin 14-də yaşanan ikiqat məyusluğu unutmaqda çətinlik çəkir.
Zarafat deyil, nəhəng klub həmin gün öz evində özünü qonaq kimi hiss etmişdi. Amma “Vest Hem” kataloniyalıların aqibəti ilə üzləşməmək, onların səhvini təkrarlamamaq üçün əvvəlcədən bütün tədbirlərini görüb. Bu haqda bir qədər sonra məlumat verəcəyik. Əvvəlcə isə aprelin ortalarında “Nou Kamp”da formalaşan mənzərəni xatırlayaq.
“Nou Kamp”da nə və niyə baş vermişdi?
“Barselona”nın bəzi azarkeşləri artıq bir neçə etiraz aksiyası keçiriblər. Onlar həmin cümə axşamı baş verən hadisəyə görə rəhbərliyi qınayırlar. Avropa Liqasının 1/4 finalının cavab oyununda “Ayntraxt”a uduzaraq (2:3) turnirlə vidalaşan “Barselona”nın “PB Nostra Ensenya” fanat qrupu, necə deyərlər, daha çox dəliyə dönüb. Bu qruplaşma “Nou Kamp”dakı matçı qonaq komandanın 20 mindən çox (bəzi mənbələrə görə, 30 minə yaxın) azarkeşinin izləməsi ilə heç cür barışa bilmir. Əsəblərini cilovlaya bilməyən “PB Nostra Ensenya”nın üzvləri La Liqada aprelin 18-də keçirilən “Kadis” ilə ev oyunundan (0:1) əvvəl klub bosslarının əleyhinə aksiya təşkil etməyi lazım bildilər. Bir sıra digər qruplar isə matçı boykot etməyə üstünlük verdilər. Baş məşqçi Xavi Ernandes onları niyyətindən daşınmağa çağırsa da, cəhdləri bir nəticə vermədi. Bu, azmış kimi, “Kadis”ə məğlubiyyət tərəfdarların boslardan narazılğını bir qədər də artırdı.
Yerli futbolsevərlərin ev oyununa həddən artıq rəqib həmkarlarının bilet almasına şərait yaradan rəhbərliyə ilk etirazı elə matçın gedişində reallaşmışdı. Belə ki, “Barselona”nın bəzi tərəfdarları fasilə zamanı “Nou Kamp”ı tərk edərək nəhəng arenaya bir də 55-ci dəqiqədə qayıtmışdılar. “Diario Sport”un məlumatına görə, Barselonaya “Ayntraxt”ın təxminən 30 min azarkeşi gəlib. Bileti olmayan almaniyalılar matçı kafe və barlarda izləyiblər. “Barselona” rəhbərliyi isə öz növbəsində rəqib komandanın həddən artıq azarkeşinin stadiona necə daxil olduğunu öyrənmək üçün daxili araşdırma aparıb. “Marka” qəzetinin məlumatına görə, İspaniya klubu qarşı tərəfə rəsmi olaraq 5000 bilet təqdim edib. Böyük ehtimalla qalan azarkeşlər onlara bilet almağa kömək edən turoperatorların köməyi ilə matçı stadionda izləyiblər. Bundan başqa, qonaq fanatlar nəhəng arenaya “Nou Kamp”dakı kassalardan biletləri alıb almanlara satan ispaniyalı bilet alverçilərinin də sayəsində daxil ola biliblər.
“London Stedium”da xüsusi tədbirlər
“Vest Hem” bu gün Avropa Liqasının ilk yarımfinal oyununda “Ayntraxt”ı qəbul edəcək. London klubu son 46 ildə avrokuboklarda ilk dəfə bu mərhələdə sınaq verəcək. “Çəkicdöyənlər”in rəhbərliyi belə əlamətdar məqamda “Barselona”nın səhvini təkrarlamamaqda qərarlıdı. Artıq frankfurtlularla matç üçün ayrılan biletlər satılıb. “Vest Hem”in başbilənləri bilet satışı planında olduqca diqqətli davranmaqla yanaşı “London Stedium”da sərt tədbirlər görməyi də vacib sayıblar. İngilislərin müəyyən etdiyi norma və qaydalarla tanış olaq:
* Qonaqlar üçün yalnız 3000 bilet ayrılıb. Müqayisə üçün “Barselona”nın frankfurtlulara formal olaraq 5000 bilet satdığını bir daha xatırladaq. İngiltərənin paytaxtındakı matçı təxminən 50000 tamaşaçının izləməsi gözlənilir. Başqa sözlə, “Ayntraxt”a tribunaların maksimum 6 faizi dəstək verəcək.
* “Vest Hem” “Barselona”nın yol verdiyi əsas səhvin qarşısını almağa çalışıb: artıq kataloniyalıların doğma arenada “Ayntraxt” fanatlarının internetdə abunəçilərdən biletləri kütləvi şəkildə alması üzündən “ofsayda düşdükləri” dəqiqləşib. İngiltərə klubu bunu biletlər satışa çıxarılmazdan əvvəl müəyyən edib. Və hətta öz fanatlarını cəza ilə hədələməyi də lazım bilib. “Çəkicdöyənlər”in abunə biletinə sahib olan azarkeşinin rəqib həmkarının “London Stedium”a girişinə şərait yaratdığı, yəni bileti almaniyalıya satdığı müəyyən edilərsə, 2022/23 mövsümünün sonuna qədər stadionun qapıları həmin fanatın üzünə bağlı olacaq. Üstəlik şəxsi mənfəəti üçün rəqibin “dəyirmanına su tökən” azarkeş mövsüm ərzində qazandığı bütün bonus və üstünlüklərdən məhrum ediləcək. Biletlərin geri qaytarılması qəbul edilməyəcək. Yenidən satılmaq üçün xarici bilet satışı platformalarına çıxarılan biletlər ləğv ediləcək, təkrar satınalmalar isə bloklanacaq.
* Almaniyada çıxan “Bild” qəzetinin son saylarından birində belə yazılır: “Vest Hem” Frankfurtdan Londona gələcək azarkeşlərə də sərt üzünü göstərəcək. İngiltərə klubu çağırılmamış qonaqlara qarşı sıfır dərəcəli təmkin siyasəti elan edib: “Ayntraxt”ın qonaqlar üçün ayrılan sektordan kənarda əyləşmək imkanı olan biletli azarkeşi ya stadiona buraxılmayacaq, ya da “London Stedium”dan çıxarılacaq”.
Rəqib fanatların növbəti qarşıdurması
UEFA çətin ki, londonluların bu tədbirlərinə qarşı çıxsın. Çünki belə sərt tədbirlər təhlükəsizlik baxımından faydalı ola bilər. Yeri gəlmişkən, artıq bu mövsüm rəqib fanatlar arasında qarşıdurma yaşanıb. Hər iki komanda turnirin 1/8 finalında Sevilyada oynayıb: londonlular şəhərin eyniadlı komandasına, frankfurtlular isə “Betis”ə qarşı mübarizədən qalib çıxıb. UEFA təhlükəsizlik tədbirləri çərçivəsində matçları fərqli günlərə salmağı lazım bilmişdi: “Betis” - “Ayntraxt” oyunu (1:2) martın 9-da, “Sevilya” – “Vest Hem” matçı (1:0) isə ötən ayın 10-da keçirilmişdi. Amma bunun bir faydası olmamışdı. “Vest Hem”lə “Ayntraxt” fanatları İspaniyadakı barlardan birində üz-üzə gəlmişdilər. Qarşılıqlı butulka atışı onlar arasında insidentə səbəb olmuşdu. Yerli polislər qarşıdurmaya mane olmaq üçün rezin güllələrdən istifadə etmişdilər.
“Nou Kamp”dakı əhvalatın təkrarlanmaq ehtimalı azdı. Amma “Ayntraxt”ın mətbuat katibi Aksel Hellmann qonaq fanatların bir hissəsinin hər necə olsa çətin vəziyyətdən çıxış yolu tapacağına işarə vurub: “Mən heç bir sirrin üstünü açmaq istəmirəm, amma bizim azarkeşlər çox kreativdilər. Tribunalarda “Ayntraxt”ın tərəfdarlarının çox olması üçün bütün mümkün vasitələrdən istifadə ediləcək. Buna 100 faiz əmin ola bilərsiniz”.
Maraqlıdı, görəsən, almanlar bu dəfə hansı varianta əl atacaqlar?..
Yeri gəlmişkən...
“Barselona” rəhbərliyi “Ayntraxt”la oyundakı qeyri-adi vəziyyətin təkrarlanmaması üçün bəzi tədbirlərə əl atmaq qərarına gəlib. Prezident Xuan Laporta bundan sonra avrokuboklarda ev oyunlarına adlı biletlərin satışa çıxarılacağını bildirib.