Qəzetimizin ötən sayında dünya qadın tennisinin 1 nömrəsi Eşli Bartinin karyerasını gözlənilmədən bitirdiyini xəbər vermişdik.
Onun məşqçisi Kreyq Tizzer bu qərara təəccüblənmədiyini etiraf edib. Tizzerin dediyinə görə, Barti hələ 2019-cu ildə - “Böyük dəbilqə” turnirlərindəki ilk qələbəsindən sonra tennisdən getmək haqda düşünürmüş:
“Eşli 2019-da məndən soruşdu: indi karyeramı bitirə bilərəmmi? Mən isə cavab verdim ki, “gözlə, mən buna hazır deyiləm”. Bu mənada onun indiki qərarı məni şoka salmadı. Eşli doğru bildiyini edir. Biz hələ işə yenicə başlayanda o, doğru bildiyi yolla getdi. Düşünürəm ki, indi getmək üçün münasib vaxtdı. Mənə elə gəlir ki, onun enerji ehtiyatı tükənib”.
Barti 2016-dan indiyə qədər Tizzerlə çalışıb. 25 yaşlı avstraliyalı bu müddətdə “Böyük dəbilqə” turnirlərində üç qələbə qazanıb.