Avstaliyalı tennisçi Eşli Barti srağagün karyerasını bitirdiyini elan etməklə tennissevərləri şoka saldı.
Dünyanın 1 nömrəli qadın tennisçisi qərarının səbəblərini açıqlamayıb. Dediyinə görə, bu haqda mətbuat konfransında danışacaq:
“Bu gün mənim üçün çox çətin və emosional gündü, çünki tennisdən getdiyimi elan edirəm. Bunu necə açıqlayacağımı bilmirdim, bu üzdən rəfiqəm Keysi Delyakvadan mənə yardım göstərməyi xahiş etdim. Bu idman növünün mənə verdiklərinə görə çox minnətdaram, qürur və məmnunluq hissi ilə gedirəm. Bu yolda məni dəstəkləyən hər kəs sağ olsun, birgə yaratdığımız xatirələrə görə həmişə sizə minnətdar olacam”.
Xatırladaq ki, Barti “Böyük dəbilqə” seriyalı turnirlərin üçündə (“Australian Open”, “Roland Garros” və “Uimbldon”) qalib gəlib. Müxtəlif turnirlərdə fərdi yarışda 15 qələbə qazanıb, cütlərin yarışında 12 qələbəsi var. Onun karyerası boyunca qazandığı sərvət də məlumdu. Peşəkar tennisdə keçirdiyi 12 il ərzində 47 milyon dollar qazanan Barti bu göstəricidə qadın tennisinin tarixində 14-cü yerdədi. 25 yaşlı idmançı yarışlarda çıxışına görə 32 milyon dollar mükafat qazanıb, qalan 15 milyon isə reklam və sponsor gəlirlərinin payına düşür.