Muştuluq-muştuluq: artıq tribunaları doldura bilərsiz! - AÇIQLAMA

23.03.2022 19:02
Aktual
Bütün dünyada olduğu kimi, Azərbaycanda da epidemioloji vəziyyətin get-gedə sabitləşir, koronavirusun səbəb olduğu qadağalar yavaş-yavaş aradan qalxmaqdadı.

Bütün bunlara baxmayaraq, Azərbaycan premyer-liqamızda hələ də 50 faiz azarkeş limiti davam edirdi. Daha dəqiqi, ölkədaxili yarışları təşkil edən qurumlar gah 50, gah da 30 faiz deyirdi. Bizdə stadionların ən yaxşı halda yarıya qədər dolduğunu nəzərə alsaq, bəlkə də qadağanın ömürlük qalması daha yaxşı olardı. Zarafat bir yana, dünən bu məsələ ilə bağlı PFL-in Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasovla əlaqə saxladıqda bu günə qədər gözləməyi məsləhət görmüşdü. Sən demə, azarkeşlərə xoş xəbəri var imiş. Muştuluq-muştuluq:

"Ölkədə epidemioloji vəziyyətin yaxşılaşdığından xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq, ümumi məsləhətləşmələrdən sonra martın 30-u və aprelin 1-də keçiriləcək Azərbaycan 1-ci divizionunun və aprelin 2-3-də keçiriləcək Azərbaycan premyer-liqasının 21-ci turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100 faiz olmasına icazə veriləcək. Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması üçün miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə şərti ilə) bərpa olunacaq".


SƏNƏM FƏRHADOVA