“Qarabağ” srağagün Konfrans Liqasının qrup mərhələsinin 5-ci oyununda “Omoniya” ilə üz-üzə gəldi.
“Tofiq Bəhramov”da baş tutan qarşılaşma gözləniləndən də maraqlı və çətin keçdi. Səfərdə 4:1 qalib gələn ağdamlılar doğma meydanda Kipr yunanları ilə 2:2 hesablı bərabərliyə razılaşdı. “Köhlən atlar” bununla da qrup liderliyini “Bazel”ə təhvil verdi.
Görəsən, çətin keçən matçda danimarkalı hakimlər briqadası ədalətin keşiyində lazımınca dura bildimi? Bunu öyrənmək üçün Tahir Süleymanovla danışdıq. Beynəlxalq dərəcəli hakim bunları söylədi:
"Qarabağ" - "Omoniya" matçının nəticəsi qonaqlar üçün o qədər vacib olmasa da, ağdamlılar üçün qrup liderliyi adına çox önəmli idi. Buna baxmayaraq, kipirlilər Azərbaycan klublarına qarşı tarixən aqressiv, psixoloji cəhətdən düşmən kimi yanaşırlar. Oyunun prinsipial keçəcəyi öncədən bilinirdi. Belə görüşlərə daha təcrübəli hakimlərin təyin olunması şərtdi. Danimarkadan olan hakimlər briqadası ilk yarıda ciddi səhvlərlə yadda qalmadı. Hissənin ən kritik epizodu Dyurişin Abbas Hüseynova qarşı qaydasız döyüşlərdəki kimi boğucu fənddən istifadə etməsi oldu. Baş hakim epizoda qarışan futbolçuları da sarı vərəqə ilə cəzalandıraraq meydandakı oyunçuların gözünün odunu aldı. İlk 45 dəqiqə ərzində referi müdafiə olunan tərəfə daha həssas yanaşırdı. Xırda folları qeyd etməklə hücumda olan komandanın əleyhinə qərarlar verirdi. Böyük ərazi üstünlüyü "Qarabağ"da olduğu üçün hakimin idarəçilik fəlsəfəsi qonaqların işinə yarayırdı. Fasilədən sonra danimarkalının hakim "fəlsəfəsi" tam çılpaqlığı ilə üzə çıxdı. Bəlli oldu ki, referinin niyyəti tam başqadı. "Omoniya" hesabda önə çıxdığı üçün "Qarabağ"ın təzyiqi daha da artıracağı gözlənilən idi. Cavab topu da vaxtında vuruldu. Matçda ən kritik qərar Zubirə qarşı aşkar kobudluq zamanı referinin fitinin susması oldu. Toral Bayramovun əllə oyununu dərhal görən və qətiyyətlə penalti təyin edən baş hakim bu epizodda özünü görməzliyə vurdu. Rəqibin Zubirə qarşı qayçı-badalaq fəndini görməmək mümkün deyildi. Toralın ötürməsindən sonra Ozobiçin qapıdan keçirdiyi top həddən artıq müzakirələrə səbəb oldu. Qolun sayılmamasının səbəbi Vacinin yersiz hərəkətidi. Qapıçı meydanında önə çıxan hücumçu sola hərəkəti ilə Uzohodan yayına bilərdi. Bu azmış kimi, Vaci onun baxış bucağını, əlləri ilə də önünü kəsdi. Danimarkalıların "damarlarının" Avropa Birliyində olması, hücumçunun inersiya ilə hərəkəti göydəndüşmə idi. Bu epizodda qaydalara uyğun hakimlərə irad bildirmək doğru olmaz. Belə matçlarda lider komandalara daha diqqətlə yanaşılmalıdı. Referinin "Qarabağ"a antipatiyası həm də Kikunu meydandan necə kənarlaşdırmaqda üzə çıxdı. Kadiyə qarşı açıq ayaqla qəddarlığı birbaşa qırmızı əvəzinə ikinci sarı ilə qiymətləndirildi. Hakimin məntiqi ilə futbolçunun “sarı”sı olmasaydı, meydanda qalacaqdı və ya ümumiyyətlə, şifahi xəbərdarlıqla kifayətlənəcəkdi. Referi matçı, əsasən də ikinci hissəni çox aşağı səviyyədə idarə etdi. Bununla yanaşı, "Qarabağ"ın əzmkar oyunu qələbəni təmin edəcək, komandamız "Omoniya" ilə yanaşı, hakimlər üzərində də qələbə qazanılacaqdı. Qapıçının inanılmaz səhvi olmasaydı. Bununla da qrupun son matçında bərabərlik şansı "Bazel"ə hədiyyə olundu. "Qarabağ" artıq İsveçrədə qrup liderliyi uğrunda mübarizə üçün yalnız qələbəyə oynamağa məhkumdu”.
SƏNƏM FƏRHADOVA