“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Marsel” ilə üz-üzə gəldi.
“Velodrom”da baş tutan qarşılaşma gözləniləndən də maraqlı alındı. Ağdamlılar ilk 30 dəqiqədə dominantlıq etsə də, yekun nəticəonlar üçün ürəkaçan alınmadı. Komandamız Fransada 1:3 uduzmaqla növbəti mərhələyə adlamaq şansını azaltdı.
Görəsən, çətin keçən matçda monteneqrolu hakimlər briqadası ədalətin keşiyindənecə dayanıb? Bunu öyrənmək üçün Tahir Süleymanovla danışdıq. Beynəlxalq dərəcəli hakimi dinləyək:
“Matç gözləniləndən də maraqlı alındı. Oyundan öncə fransızlar favorit göstərilirdi. İlk görüşün Marseldə keçirilməsi də yerli komanda üçün əlavə üstünlük sayılırdı. Klubların gücü, çıxış etdikləri liqaların səviyyə fərqi baş hakimi oyuna hazırlıqla bağlı arxayınlaşdırmamışdı. "Qarabağ"ın start fitindən cəsarətli oyununa referi psixoloji cəhətdən tam hazır idi. Birinci hissədə idarəçilik möhtəşəm alındı. Baş hakim "Marsel"in adından, azarkeşlərin təzyiqindən çəkinmir, dəqiq qərarlarla meydanda obyektivliyi qoruyur, təmin edirdi. Ağdamlıların fiziki, taktiki, psixoloji hazırlığı ilə yanaşı, referinin rəqiblərə eyni münasibət göstərməsi "Qarabağ"ın özünəinamını daha da artırırdı. Futbolçular hər epizodda sona kimi mübarizə aparsalar da, sərtlik kobudluğa keçmirdi. Bəzi hallarda həddi aşan oyunçular dərhal qarşılarında sarı vərəqələr görürdülər. Baş hakim matça nəzarəti əlində saxlayır, verdiyi qərarlar komandalar tərəfindən sorğu-sualsız qəbul edilirdi. Hissənin sonunda vurulan qollar bəzi futbolçuların fərdi səhvlərinin nəticəsi idi. Fasilədən sonra da referi idarəçilik fəlsəfəsini dəyişmədi. Dabanoviçin idarəçiliyinə bir qədər kölgə salan köməkçisi oldu. Ofsaydla bağlı iki epizodda kritik səhv qərarlar verildi. Yarışda VAR sisteminin tətbiq edilmədiyini nəzərə alsaq, Kadinin epizodunda top qapıdan keçsəydi, "Qarabağ"ın haqqı yeyiləcəkdi. Ümumilikdə baş hakim oyunu çox yaxşı idarə etdi. Dörd qolun vurulmasında heç bir mübahisənin yaranmaması, matçdan sonra idarəçiliyin müzakirə olunmaması bunun sübutudu. Cavab qarşılaşmasında "Qarabağ"a uğurlar”.
SƏNƏM FƏRHADOVA