“Qarabağ”a məğlubiyyət “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun kefini heç pozmamışdı. Oyunun gedişində əsəbi və üzgün görünsə də, mətbuat konfransında xeyli sakit idi. Onsuz da bu gün Azərbaycanda “Qarabağ”a uduzmayacaq komanda yoxdu. “Köhlən atlar”ın ölkədaxili yarışlarda hansısa rəqib önündə büdrəməsi üçün fövqəladə nəsə baş verməlidi. Ya Qurban Qurbanovun yetirmələri rəqibə ciddi yanaşmayıb, meydana hətta 3-cü heyətlə çıxmalıdı, ya da hakimlər briqadası oyunu aşkar qərəzli idarə edib, “Qarabağ”a qarşı “12-ci oyunçu” kimi vuruşmalıdı. “Sumqayıt”la oyunda bu amillərin heç biri baş verməmişdi. Belədə meydan sahibləri hər hissədə bir qol vurmaqla nəticəni təmin etdilər. Bütün bunları Ayxan bəy də yaxşı anlayır və sakitcə öz taleyi ilə barışırdı.
Ümumi götürsək, “Sumqayıt”ın düşərgəsində taleyi ilə barışan təkcə baş məşqçi deyil. Futbolçular da, azarkeşlər də, hətta klub prezidenti də bu əhval-ruhiyyədədi. Həyəcansız, həvəssiz, taleyin ümidinə buraxılmış bir klub düşünün. Həmin klub da “Sumqayıt”dı. “Gənclik şəhəri”ni təmsil edən komanda 6 oyuna 6 xal toplayıb. Özü də 6-cı pillədədi. İlk baxışdan elə də faciəvi nəticə sayılmamalıdı. Deyə bilərsiz ki, “Sumqayıt”dan sonra turnir cədvəlində iki komanda da var, özü də sumqayıtlılar həmin komandaların ikisindən də güclüdü. Deməli, haqlı olaraq da “Sumqayıt” 6-cı yeri “zəbt edib”, elitanın iki komandasına yuxarıdan aşağı baxır. Amma reallıq fərqlidi. “Sabah”la “Qəbələ”dəki kiçik təlatümləri, məşqçi dəyişikliklərini nəzərə alanda görürük ki, vəziyyətin dəyişmək ehtimalı böyükdü. Çünki bu iki komandanın oyununda son turlarda yüksəliş nəzərə çarpır. Yəqin ki, yaxın 2-3 həftədə həmin yüksəliş turnir cədvəlindəki vəziyyətə də təsir göstərəcək, “Sabah”la “Qəbələ”nin ikisindən biri, bəlkə ikisi də “Sumqayıt”la yerini dəyişib, onları sonuncu pilləyə doğru sürüşdürəcəklər.
“Sumqayıt” barədə danışarkən klubun himayədarları, onun vasitəsiylə varlananlar bir məsələni əldə bayraq edirlər. Deyirlər ki, “Sumqayıt”ın heyətində legioner yoxdu, komanda yerli gənclərlə mübarizə aparır, onların oyun təcrübəsi qazanmasına vasitəçi olur. Amma Azərbaycan futbolu ilə bir az dərindən maraqlananlara, kimin kim olduğunu bilənlərə həmin cümlə gəlişigözəl uydurma təsiri bağışlayır. 2020-ci ildə 10 yaşını tamamlayacaq klubun heyətində hansı yerli gənc parlayıb, ötən 10 il ərzində “Sumqayıt” hansı sumqayıtlını yetişdirib, xaricə göndərib, yaxud da Azərbaycan millisinə qədər inkişaf etdirib?! Yoxdu beləsi, əziz dostlar. Heç komandanın əsas heyətində də bu gün belə futbolçuya rast gələ bilməzsiz. Əvəzində “Sumqayıt” yarandığı gündən dağıstanlı, ukraynalı futbolçuların oylağına, “milliləşdirilmiş” futbolçuların reablitasiya mərkəzinə çevrilib. Sonrakı illərdə, daha doğrusu, Riad Rəfiyevin kluba prezidenti təyin olunduğu gündən bəri iranlılara qucaq açmağa, Arazın o tayından gələnlər üçün isti yuva rolunu oynamağa başlayıb.
Premyer-liqanın autsayderlərindən sayılan “Sumqayıt”ın hazırkı heyətində xeyli beynəlmiləl futbolçu var. Birlikdə diqqət edək, görək “yerli gənclər” adlandırılan həmin o futbolçular kimlərdi, hansı ölkələrdən gəliblər? Özü də onların əksəriyyətinə Azərbaycan pasportu verilsə də, ikinci pasportları da özlərində olur. Qapıçı Mehdi Cənnətov dağıstanlıdı, Rusiya futbolunun yetirməsidi. Rəfiyevin “yeni tapıntısı” Cəmaləddin Xocaniyazov da futbolun sirlərini Rusiyada öyrənib, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb. Onun bu yaxınlarda Azərbaycanın A millisində peyda olacağı da gözləniləndi. Rəfiyevlə danışıqları belə olub, menecer-prezident onun adından AFFA-ya müraciət də hazırlayıb. Əmir Ağayevin adı və soyadı bizə doğma görünsə də, 27 yaşlı yarımmüdafiəçi İsraildə doğulub, orda böyüyüb. Əmirlə eyni vaxtda Aleksey İsayev də “Sumqayıt”a gətirilmiş, milli komandamıza calaq edilmişdi. Amma sonradan himayədarının, yəni Riad Rəfiyevin üzünə ağ oldu. Yayda millinin əsas heyətində meydana çıxmamasına əsəbləşən və ondan sonra Azərbaycanı tərk edən Aleksey o zamandan bəri geri qayıtmayıb. Rəfiyev çox çalışsa da, onu geri qaytarmaq üçün dilə tutsa da, məqsədinə çatmayıb. Deyilənə görə, bundan əsəbləşən menecer-prezident İsayevin başqa kluba keçməsinə 100 min dollar tas da qoyub. Elə bu səbəbdən də gecə yatıb yuxusunda “Neftçi”ni, Rusiyanın aşağı divizion klublarını görən futbolçu hələ də futbolsuzdu. “Sumqayıt”la müqaviləsi olduğuna görə başqa komandaya keçə bilmir. Onu heyətində görmək istəyənlər də özlərini xərcə salmaq istəmirlər. Bu faktın özü belə Rəfiyevin tapıntısının hansı səviyyədə futbolçu olduğunu aşkar göstərir. Hazırkı “Sumqayıt”da İrandan gələn iki futbolçu çıxış edir. Peyman Babayi ötən mövsümdən heyətdədi. Onun tək darıxmaması üçün yayda Mehdi Şərifiylə də müqavilə imzalanıb. İlk turda özünü yaxşı tərəfdən göstərən, adından söz etdirən hücumçu ondan sonra kölgəyə çəkilməklə səviyyəsini şübhə altına salıb.
Bütün bunları oxuyandan sonra AFFA prezidenti Rövnəq Abdullayevin 2014-cü ildə dediyi sözləri xatırlayıram. Cənab Abdullayev həmin vaxt sonuncu pillədə yer aldığı üçün elitadan düşmək təhlükəsi olan “Sumqayıt” haqda belə demişdi: “İmkan verməyəcəyik ki, “Sumqayıt” diviziona düşsün, orda bizim yerli gənclər oynayıb, püxtələşirlər”. Belə çıxır ki, “Sumqayıt” adlı layihəni batıranlar AFFA prezidentini də aldadıblar. Ay sizi, xatakarlar!