Sizin reklam burada

Liderlər qol yağdırdı, “Zirə” ilə “Sumqayıt” yenə yerini dəyişdi

Title
Mövsümün sonuna sayılı günlər qalıb. Mayın 19-da premyer-liqa başa çatır. Ancaq hələ də kimin çempion, kimin 3-cü yerin sahibi olacağı məlum deyil.
25-ci turda “Sabah”a yenilməklə 3-cü pilləni “Zirə”yə təhvil verən “Sumqayıt” hesabat həftəsində o qədər də parlaq olmayan oyunla “Keşlə”ni məğlub edərək, yenidən həmin yerə qayıtdı. Bunda Ayxan Abbasovun məşqçi intuisiyasını xüsusi qeyd etmək yerinə düşər. Abbasovun uğurlu dəyişikliyi qələbədə böyük rol oynadı. Belə ki, sağ cinah müdafiəçisi mövqeyində Süleyman Əhmədovu əvəzləyən Cabir Əmirli az sonra penalti qazandı. Bunu da Rəhim Sadıxov qola çevirdi. Bu da onu göstərir ki, Ayxan bəy oyunu “oxuya” bilir, yetrirmələrinin potensialına yaxından bələddi. Bu qələbə sayəsində sona iki tur qalmış “kimyaçılar” yenidən 3-cü pilləyə yüksəldi.
“Bürünc”ə digər namizəd “Zirə” öz meydanında “Qəbələ” ilə “sülh bağlamaqla” işini çətinə saldı. Rəşad Sadıqovun komandası, loru dillə desək, düz yerdə bürünc medal uğunda mübarizədə “Sumqayıt”a “gəl, məni keç” imkanı yaratdı. Yeri gəlmişkən, “qartallar” “qırmızı-qaralar”la oyunda çox zəif təsir bağışladılar. Qəsəbə təmsilçisi bu turda 1 xal qazandığına görə sevinməlidi.
Çempionluq uğrunda mübarizə aparan “Neftçi “Səbail”i birnəfəsə keçdi. İlk yarıda “dənizçilər”i bir dəfə cəzalandırmağı bacaran “ağ-qaralar” fasilədən sonra daha üç dəfə meydanın mərkəzinə dəvət etdi. Diqqəti çəkən məqamlardan biri də budu ki, Keysuke Honda ardıcıl 2-ci oyunda adını tabloya yazdırdı. Bombardirlik yarışında Mahir Emreli ilə gərgin mübarizə aparan Namik Ələskərov da fərqlənənlər siyahısında idi.
Ramin Quliyevin gəlişindən sonra yüksəlişdə olan “Sabah” “Qarabağ”ın hücumlarına cəmi 27 dəqiqə tab gətirə bildi. Məhz həmin dəqiqədə Zubir darmadağının əsasını qoydu. Rəqibi ilk hissədə çökdürən “köhlən atlar” 4 qol vurmaqla sanki “Neftçi”yə “sizdən nəyimiz əskikdi” mesajını göndərdi. Ötən tur “Zirə” ilə heç-heçə edən Qurban Qurbanovun yetirmələri bu dəfə səhfə yol vermədilər və bir gün əvvəl itirdikləri liderliyə döndülər.
Azərbaycan premyer-liqası
4-cü dövrə, 26-cı tur
8 may
Keşlə - Sumqayıt 0:1
Səbail – Neftçi 0:4
9 may
Zirə – Qəbələ 0:0
Sabah – Qarabağ 0:4
1. Qarabağ 26 15 9 2 62-17 54
2. Neftçi 26 16 5 5 45-25 53
3. Sumqayıt 26 9 9 8 29-30 36
4. Zirə 26 7 14 5 25-26 35
5. Sabah 26 6 7 13 24-35 25
6. Qəbələ 26 5 10 11 20-39 25
7. Səbail 26 5 9 12 21-39 24
8. Keşlə 26 4 11 11 22-37 23
Növbəti turun oyunları: 14 may – Sumqayıt - Neftçi, Qarabağ – Keşlə, Qəbələ - Sabah, Zirə - Səbail.
Bombardirlər: Namik Ələskərov (Neftçi) – 19, Mahir Emreli (Qarabağ) – 17, Filip Ozobiç (Qarabağ) – 11.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.