Birinci dövrənin son turunun ilk oyununda son oyunların uğursuzu “Səbail” “Keşlə”ni qəbul etdi.
“Dənizçilər”dən fərqli Sənan Qurbanovun komandası mövsümə uğursuz start versə də, 5-ci turda “Qarabağ”la “sülh bağlayıb”, ardından “Sabah” üərində qələbə qazanmışdı. Bu üzdən komandalar meydana fərqli ab-havada çıxmışdı. İlk yarısı heç-heçə bitən qarşılaşmada qollar ikinci hissədə vuruldu. Əvvəlcə qonaqlar fərqlənsə də, Rauf Əliyevin qolu ilə meydan sahibləri “status-kvo”nu bərpa etdi. Ancaq oyunda son nöqtəni cəza səbəbindən 3 tur əsas komandadan kənarda qalan Abanq qoydu. Görünür, birinci dəstəyə “sürgün” kamerunlunun xeyrinə işləyib.
Qəbələdə azarkeşlər turnir cədvəlində 3-4-cü yerlərdə qərarlaşan komandaların qarşıdurmasına şahidlik etdi. İlk hissədə qonaqlar daha yaxşı təsir bağışlayıb fərqlənsələr də, ikinci yarıda Elmar Baxşıyevin komandası özündə güc tapıb oyunda dönüş yarada bildi. Mehdi Cənnətov olmasaydı, bəlkə də “qartallar” bölgə səfərindən məyus dönəcəkdi. “Qırmızı-qaralar” çox çalışsalar da, yalnız bərabərlik qolunu vurmağı bacardılar. Komandanın “vuran ayağı” Ülvi İsgəndərov, əvəzetmədən meydana daxil olmasına baxmayaraq, mövsümdə 4-cü qolunu vuraraq, bombardirlər yarışında sona qədər iddialı olacağını ortaya qoydu.
7-ci turun ikinci oyun günündə meydana öncə “Sumqayıt” və “Neftçi” çıxdı. Son 4 turda qələbəyə həsrət qalan “kimyaçılar” “ağ-qaralar”la görüşdə uğursuzluğa son qoymaq niyyətində idi. Əli Qurbaninin zədəsini sağaldıb sıraya dönməsi də meydan sahiblərinin xeyrinə olan amillərdən idi. İlk yarısı o qədər də maraqlı keçməyən qarşılaşmada əsas hadisələr ikinci hissədə yaşandı. Ayxan Abbasovun yetirmələri hesabı açsalar da, çox keçmədən qonaqlar buraxılan qolun əvəzini çıxdı. Ancaq qalan dəqiqələrdə, tərəflərin cəhdlərin baxmayaraq, tablodakı hesab dəyişmədi və matç heç-heçə bitdi.
Həftənin son qarşılaşmasında isə lider “Qarabağ” “Sabah”ın qonağı oldu. Mövsümə uğursuz başlayan və son pillədə qərarlaşan “tələbələr” çox çalışsalar da, Qurban Qurbanovun komandasına müqavilmət göstərə bilmədilər. “Köhlən atlar”ın iki qolundan yalnız birinə cavab verən meydan sahibləri mövsümdə 6-cı dəfə məğlubiyyətlə barışdı. Ağdamlılar isə əsas izləyicilərinin büdrəməsi fonunda xal fərqini artırdı.
Azərbycan premyer-liqası
1-ci dövrə, 7-ci tur
16 oktyabr
Səbail – Keşlə 1:2
Qəbələ - Zirə 1:1
17 oktyabr
Sumqayıt – Neftçi 1:1
Sabah – Qarabağ 1:2
1. Qarabağ 7 5 2 0 13-4 17
2. Neftçi 7 4 2 1 14-8 14
3. Qəbələ 7 3 3 1 12-6 12
4. Zirə 7 3 3 1 9-6 12
5. Sumqayıt 7 2 2 3 5-5 8
6. Keşlə 7 2 1 4 6-11 7
7. Səbail 7 2 0 5 5-15 6
8. Sabah 7 0 1 6 3-12 1
Bombardirlər: Davit Volkov (Zirə) – 5, Ülvi İsgəndərov (Qəbələ), Filip Ozobiç (Qarabağ) – 4.
Növbəti turun oyunları: 23 oktyabr – Sabah – Sumqayıt, Neftçi – Zirə;
24 oktyabr – Keşlə - Qəbələ; 25 oktyabr – Səbail – Qarabağ.