“Şişməsə”, qabağa gedəcək...
Günün şüası torpağı isitməyə, insanlar Xəzərin suyuna kəllə vurmağa, uzunqoldan qısaqola keçməyə imkan tapmadığı vaxtda “Sabah” yay transfer dönəminin ilk keçidini reallaşdıran klub kimi yadda qaldı. Yayın qoxusu indi-indi gəlir, amma transferi hazırdı. Qəribədi, deyilmi?
Amma bu keçid o qədər ümidverici və sevindirici oldu ki, alqışlamamaq olmur. Çünki söhbət yüzminlər xərclənən hansısa legionerdən yox, qanı qanımızdan, canı canımızdan olan birindən – Amin Seydiyevdən gedir. Artıq ikinci mövsümdü premyer-liqada oynamaq şansı qazanan və bu müddətdə özünü yaxşı tərəfdən göstərən qıvrımsaç oğlan növbəti mövsümdən etibarən “tələbələr”in uğurları üçün tər tökəcək. Nə dərəcədə uğurlu alınacaq, yeni komandasına nə qədər kömək edəcək, gələcəyi necə olacaq – bu və başqa suallar hələ ki cavabsızdı. Gücümüz, necə deyərlər, ehtimal nəzəriyyəsinə çatır.
“Qəbələ” ağıllı davrandı
Əvvəlki günlərindən (çempionluğa iddia, Avroliqanın qrupu) çox-çox uzaq düşən, yəni heyət sarıdan kifayət qədər zəifləyən “Qəbələ”nin yaxın gələcəyini proqnozlaşdırmaq üçün uzaqgörən olmağa ehtiyac yoxdu. Büdcənin azalması fonunda klub rəhbərliyinin məqsədi akademiyada yetişən gənclərə şans vermək, onları tanıtmaq, iddialı komandalara keçidlərinə şərait yaratmaqdı. Bu həm də yaxşı qazanc deməkdi.
Ötən ilin yayında bölgə təmsilçisi Bəhlul Mustafazadəni Qəbələ - Bakı marşrutu ilə Masazıra yola salmışdısa, növbəti sərnişinin Amin olacağına şübhə yox idi. Bir futbolçunun potensialı daha artığına imkan verirsə, ona böyük qapılar açılmalı, geniş meydanlarda yer verilməlidi. Düzdü, Seydiyev “qırmızı-qaralar” üçün olduqca vacib fiqur idi. Yəni yoxluğu istər-istəməz özünü göstərəcək. Öz aramızdı, bir güllə bahar olmur axı... “Qəbələ” rəhbərliyi və məşqçilər heyəti noyabrda 22 yaşı tamam olacaq cinah müdafiəçisini “Sabah”a göndərməklə kifayət qədər doğru addım atmış oldu. Amin iddiasız komandada qalmaqla psixoloji zərbə ala bilərdi.
Bundan sonrası özündən asılıdı
Amin akademiya təhsili alıb, bir neçə məşqçinin rəhbərliyi altında çıxış edib, özünə görə futbolçu bacarığı var, premyer-liqa təcrübəsi baxımından da əziyyət çəkmir. Belə deyək, bu gün-sabah 22 yaşına “əlvida” deyəcək birini futbol adına gənc adlandırmaq absurddu. Futbol oynamaq, özünü göstərmək baxımından əlinə gözlədiyindən də artıq imkan düşüb.
Bugünkü “Sabah” istənilən yerli və əcnəbinin arzuladığı yerdi. Məşq bazası var, maliyyə sarıdan çətinlik yaşanmır, klub rəhbərliyi məşqçi və futbolçuların işinə qarışmır, uğur qazanmaq üçün lazım olan hər cür şərait yaradılıb. Aminin bu cür mühitə uyğunlaşıb özünə yer tapması çətin olmamalıdı. Ancaq bir şərtlə ki, qoltuğunun altı şişməsin.
Amin yeni müqaviləsindəki maddi şərtləri, yeni komandasında ona olan inam və diqqəti, üstəlik, “Sabah”ın iddiasını əldə bayraq edib, göylərdə uçmamalıdı. O bu dəqiqə keçid dövrü yaşayır. İstər yaşına, istərsə də karyerasına görə. Son dərəcə diqqətli olmalı, əvvəlki sadəliyini qorumalıdı. Ayağının altını görməmək təhlükəsi ağır fəsadlara yol aça bilər. Nəinki gözləniləni verməyə, hətta olan-qalanı da itirə bilər. Ona görə də bundan sonra hər şey özündən asılıdı. Yüksəlsə də, səbəbkar özü olacaq, ensə də.
Əlinə əla imkan düşüb
Etiraf edək ki, şəraiti yaxşı olan, maddi durumu xoş görünən klublar hər zaman yığma məşqçilərinin və əcnəbilərin diqqət mərkəzində olurlar. Bu mənada “Sabah”ı xüsusi qeyd etmək olar. Elitada ikinci mövsümünü keçirməsinə baxmayaraq, “tələbələr” artıq Zaqreb “Dinamo”su ilə əməkdaşlığa start verib. Bildiyimə görə, yeni müqavilələr də gözlənilir. Üstəlik, Jelko Sopiç amili də var. Məlumdu ki, balkanlı məşqçilərin çevrəsi geniş olur, yəni agent baxımından bəxtləri gətirib. Aminin uğurlu çıxışı məhz həmin menecerlərin, lap elə Sopiçin sayəsində Avropaya yolunu aça bilər.
Belə olacağı halda əsas yığmada da şans qazanması kifayət qədər real görünəcək. “Sabah” cari mövsümdə qeyri-sabit təsir bağışlasa da, növbəti birincilikdə medallar uğrunda mübarizə aparacağı gün kimi aydındı. Ən azı səhvlərdən nəticə çıxarılıb, artıq elita təcrübəsi kifayət qədərdi. Masazir təmsilçisi çempionatda və kubokda qələbələri sıralayacağı halda, Seydiyevin əsas millidə görünməsi sürpriz sayılmayacaq. Bəhlul əsas heyət üzvünə çevrilibsə, Amin niyə oynamasın?!
Ciddi rəqabət gözlənilmir
“Sabah” bu transfer üçün kifayət qədər normal görünən məbləğdən keçibsə, deməli, məqsəd “2 nömrə”ni əsas heyətdə görməkdi. Təbii ki, bunun üçün rəqabətdən qalib ayrılmaq da vacibdi. Yəni heç kim Aminin altına oturacaq qoyub, “orda oturma, burda otur” deməyəcək. Əvəzolunmaz olmaq istəyirsə, zəhmət çəkməlidi.
Bunun üçün kimlərlə rəqabət aparmalıdı? Cari mövsümdə onun mövqeyində, yəni müdafiənin sağında Məqsəd İsayevlə Məhəmməd Mirzəbəyov çıxış edib. Bu gün heç birinin səviyyəsinin Sopiçi qane etmədiyini anlamaq üçün baş məşqçinin etirafı gərək deyil. Oyunlarına baxanda görmək olur. İkisi də sürətinə görə oyünür, amma ağıllı oyun baxımından axsayırlar. Çox güman, Məhəmmədlə yollar ayrılacaq, Məqsədin gələcəyi haqda isə mülahizə yürütmək çətindi. Belə olan halda Seydiyevin əsas heyətdə yer uğrunda komanda yoldaşları ilə apardığı mübarizədən qalib ayrılacağı inandırıcı görünür. Hə, “Qəbələ”nin yetirməsinin müdafiənin mərkəzində oynamaq bacarığını da unutmamalıyıq.
HƏBİB