“Sabah” istədiyi hücumçunu tapa bilmir
Transferlərə ara verməyən, bu mənada premyer-liqa təmsilçiləri arasında fərqlənməyi bacaran “Sabah” artıq üç futbolçunun keçidini rəsmiləşdirib. “Qəbələ”nin aparıcı üzvü Təmkin Xəlilzadəni, “Qarabağ”ın və yığmanın üzvü Coşqun Diniyevi, həmçinin “Simurq”, “Qəbələ”, “Neftçi” kimi komandalarda çıxış etmiş Rəşad Eyyubovu rənglərinə bağlayan paytaxt təmsilçisi hələ də axtarışdadı.
Son olaraq hücumçunun alınması qarşıya hədəf qoyulub. Yalnız Marko Deviçin ümidinə qalan, Ukrayna yığmasının sabiq forvardının yoxluğunda çətin duruma düşən “tələbələr” legioner hücumçu ilə güclənməkdə maraqlıdı. Yanvarın ilk günlərində Aleksandr Kristavao düşərgəyə təşrif buyursa da, Azərbaycanda oynamaq istəmədiyini deyib ayrılması “Sabah”ın məşqçilər korpusunu çətin vəziyyətdə qoydu. Odu ki, axtarışlar davam edir, amma ortada yekun nəticə yoxdu. Futbolçunun səviyyəsində və qiymət məsələsində razı qalmağı düşünən klub rəhbərliyi hələ ki istəyinə nail ola bilmir. Çünki hər ikisini özündə birləşdirən belə birini tapmaq müşkül məsələdi. Bacarıqlı çox pul istəyir, sıradan birini də komandanın çalışdırıcısı Elşad Əhmədov sərəncamında görməkdə maraqlı deyil. Odu ki, hücumçu məsələsi düyünə düşüb. Və bu gedişlə məqsədi premyer-liqadakı yerini qorumaq olan komanda ikinci dövrədə də yalnız Deviçin ümidinə qalacaq. Hər halda, yanvarın son günlərində komandaya qoşulacaq futbolçunun fayda verməsi sual altındadı.
“Zirə”dən tanıdığımız Riçard Qadze ilə maraqlanan “Sabah” rəsmilərinin bu transferə imza atacağı inandırıcı görünmür. Yayda Rumıniya “Voluntari”si ilə anlaşan və geridə qalan müddətdə 9-u əsas heyətdə olmaqla 12 oyunda meydana çıxan qanalı forvard 4 qola imzasını yazdırıb. Maraqlısı qollardan üçünə dekabrda imza atmasıdı. “Voluntari” rəhbərliyi klubla yaya qədər müqaviləsi olan futbolçunu buraxmaqda maraqlı deyil. Bunun üçün “Sabah” qarşı tərəfin büdcəsini zənginləşdirməlidi. Ya da Qadze özü əlini cibinə salmalıdı. Ona görə də “Zirə”nin formasında keçirdiyi 41 qarşılaşmada rəqib qapılarına 12 dəfə yol tapmış hücumçunun bugünlərdə “tələbələr”lə anlaşması inandırıcı görünmür. Elşad Əhmədov yaya qədər gözləməli olacaq.
HƏBİB