
Cavid “Keşlə”yə havayı başa gəlib?
Kubemba ilə Elşən “Sabah”da qalır
Cavid İmamverdiyevin yeni klubu bəlli oldu. Vaxtilə ölkənin perspektivli futbolçularından sayılan, yığmanın xilaskarı rolunda görünən istedadlı yarımmüdafiəçi “Keşlə”nin uğurları üçün tər tökəcək. Təxminən eyni sözləri düz iki il bundan əvvəl, Cavid “Sumqayıt”ı “Sabah”a dəyişəndə yazmışdım. İstedadını qabartmış, premyer-liqanın debütantına faydalı ola biləcəyini vurğulamışdım. Alınmadı...
2018/19 mövsümündə müəyyən mənada komandasına köməyi dəysə də, 2019/20-də, demək olar, heç nə ilə yadda qalmadı. Rejimə fikir verməməsi gah zədələrə yol açdı, gah da məşqlərdə başqalarından geri qalmasına səbəb oldu. Nəticədə “Sabah”ın “10 nömrə”si komandasına 10 qəpiklik xeyir vermədən bu dəfə “Keşlə”yə, onu yaxından tanıyan Tərlan Əhmədovun yanına getdi.
2018-in yayında “Sumqayıt”dan “Sabah”a keçidi səs-küylü olmuşdu. Səbəb isə “tələbələr”in onun keçidinə görə sumqayıtlılara 150 min manat civarında transfer haqqı ödəməsiydi. Cavidə görə bu qədər pul ödənilməsinə etiraz edənlərin sayı kifayət qədər idi. Üstəlik, bu iki ildə futbolçuya verilən maaş və mükafatları da üst-üstə gəlsək, məbləğ kəllə-çarxa qalxır.
Maraqlıdı, “Sabah” rəhbərliyi kifayət qədər pul xərclədiyi futbolçunu “Keşlə”yə buraxmaq üçün hansı şərtlə çıxış edib? Bu keçiddən nə qədər qazanıb? Yoxsa İmamverdiyevə görə “tələbələr”ə bir manat da ödənilməyib? Sualı ünvanladığımızın klubun mətbuat katibi Elnur Həmidovdan aldığımız cavab qısa oldu: “Klubla futbolçu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Məsələnin maliyyə tərəfi haqda informasiya vermək istəmirik”.
Elnur bəylə danışmışkən, daha bir məsələyə aydınlıq gətirmək istədik. Başa çatan mövsümdə komandanın iki üzvü - Kevin Kubemba ilə Elşən Abdullayev zədə səbəbindən “Sabah”a kömək edə bilmədilər. Hər ikisinin zədəsi yetərincə ciddi olduğundan özlərinə gəlmələri xeyli vaxt aldı. Onların bundan sonrakı taleyi necə olacaq? Komandada qalmalarına gərək varmı, yoxsa yola salınacaqlar? Həmidovu dinləyək: “Kubemda tam sağalıb, hətta “Zirə”ylə yoldaşlıq görüşündə meydana çıxmağa imkan tapdı. Elşən də fasilə yaranana qədər komanda ilə məşq edirdi. Yəni hər ikisi “Sabah”ın üzvüdü”.
HƏBİB