“9 xal qazanmışıq, pulumuzu verin”
Yığma Qurban Qurbanovun rəhbərliyi altında mübarizə apardığı Millətlər Liqasında hədəfə çata bilmədi. Qrup qalibi olmaq şansını əldən verən milli üzvlərinin Kosovoya 0:4 hesablı məğlubiyyəti isə odun üstünə tökülən benzin effekti verdi. Ağır yenilgidən sonra baş məşqçi və köməkçiləri komandadan uzaqlaşdırıldı. Futbolçular da sudan duru çıxa bilmədi.
Belə ki, milli qrup qalibi olacağı halda AFFA rəhbərliyi tərəfindən nəzərdə tutulan yetərincə yaxşı məbləğdə mükafat veriləcəkdi. AÇ-2020-nin final mərhələsinə yüksəlməyin dəyəri isə fantastik olacaqdı. Lakin minimum hədəfin öhdəsindən gəlinməməsi assosiasiya rəhbərliyini maddi planda xeyli qabağa saldı. Çünki nə toplanan 9 xala, nə də qrup ikinciliyinə görə hansısa pul mükafatı nəzərdə tutulub.
Vəziyyətin bu cür olması bəzi futbolçuların narazılığına səbəb olub ki, onlar yaxın çevrələrində etirazlarını çəkinmədən dilə gətirirlər. “Mafiya”ya başçılıq edən isə Dmitri Nazarovdu. Almaniyada legioner həyatı yaşayan, Azərbaycana heç bir bağlılığı olmayan yarımmüdafiəçi Millətlər Liqasındakı mübarizəyə görə kiçik məbləğdə olsa belə, pul mükafatının verilməsini istəyir. Bunu isə çəkilən əziyyətlə, 6 oyunda Almaniyanı tərk edib müxtəlif ölkələrə yollanmaqla, xüsusən də toplanan 9 xalla bağlayır. Noyabrdan bu yana pulların hesaba köçürüləcəyinə ümid etsə də, ortada müsbət nəticənin olmadığını görərək özündən çıxır.
Hər halda, Xorvatiya və Litva ilə oyunlarda Dmitrinin özünə bənzəmədiyini hər kəs gördü. Layiq olmadığı halda Azərbaycan millisinin formasını geyən, özünə yaxşı reklam qazanan və bunun müqabilində pul davası edən futbolçuya millidə yer olmamalıdı. Ümid edək ki, məsələdən AFFA rəhbərliyi ilə baş məşqçi Nikola Yurçeviç də məlumatlıdı. Bu səbəbdən Slovakiya və Macarıstanla oyunlar üçün Bakıya dəvət olunmayacağına inanaq.
HƏBİB