Sizin reklam burada

Zaqrebdə azarkeşlər Əli Babayevdən üzr istəməyi tələb edib

Müəllif: football Tarix: 28-03-2019, 19:11 355 Baxış
Zaqrebdə azarkeşlər Əli Babayevdən üzr istəməyi tələb edib
Şamil Mustafayev: "Həm Riad Rəfiyev, həm də Elxan Məmmədov bununla maraqlanacağını bildirdi"
Yığma Zaqrebdə dəstəksiz qalmadı. Həm Avropada yaşayan soydaşlarımız, həm də Bakıdan gedən azarkeşlər birləşərək komandanı Xorvatiya ilə oyunda irəli səslədilər. Bu haqda "Milli dəstə"nin idarə heyətinin üzvü Şamil Mustafayevin fikirlərini öyrəndik: "Milli dəstə"nin idarə heyətindən təkcə mən getmişdim. Bundan başqa, Macarıstandan 8 nəfər də oyunda olacağını bildirmişdi. Həmçinin Bakıdan "Gillette"in keçirdiyi müsabiqənin qalibi olan 10 nəfər gəlmişdi. Bir neçə nəfər də Sloveniya və Xorvatiyada yaşayan azərbaycanlılar, səfərlikdə çalışanlar bizə qoşuldu. Belə deyim, təxminən 25-30 nəfər olduq. Həmişəki kimi oyundan öncə futbolçularla görüşdük, onları daha da həvəsləndirdik. Bəziləri ilə söhbət etdik, himni bilib-bilmədiklərini soruşduq. Çünki azarkeşlər həmişə istəyiblər ki, onlar himni oxusun, döyüşçü ruhunda olsunlar. Bədavi də daxil olmaqla bəziləri ilə bu yöndə söhbətimiz oldu. Futbolçular avtobusa minib oyuna gedərkən, Əli Babayevlə də görüşdük. Ona məlum müsahibəsi ilə bağlı etirazımızı bildirdik, çıxıb ictimaiyyətdən üzr istəməsini tələb etdik. Həmçinin onun şərəfini qoruduğu "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə də fikrimizi çatdırdıq. O da etirazımızı müsbət qarşıladı və mütləq bununla maraqlanacağını bildirdi. Matçdan sonra isə Elxan Məmmədova da bu haqda məlumat verdik. Baş katib də maraqlanacağını söylədi. İndi Babayevdən üzr istəməsini gözləyirik. Əks halda, bütün səfər oyunlarında etirazımız olacaq. Həmçinin başqa azarkeş qruplarına bildirəcəyik və ev matçlarında da eyni hal təkrarlanacaq... Oyuna gəlincə, mərkəzi sektor olsa da, ikinci mərtəbədə oturmuşduq. Bu üzdən səsimizin futbolçulara necə gedib çatdığını bilmədik. Çalışdıq ki, 90 dəqiqə dayanmadan azarkeşlik edək. Oyundan sonra da futbolçular bizi alqışladı. Bəziləri istisna olmaqla. Fanatlara həssas yanaşanlara təşəkkür edirik, yavaş-yavaş oyunçu mədəniyyətini də öyrənirlər. Ramil Şeydayevin qolu hər nə qədər gözlənilməz olsa da, bir o qədər bizim üçün xoş oldu. Doğrudu, hər oyuna ümidlə gedirik. Ancaq Xorvatiya dünya ikincisi olduğu üçün ümidimiz çox az idi. Hətta böyük hesabla uduzmamağımız üçün dua edirdik. Lakin hesabı açdıq və düşünürdük ki, ilk yarını belə başa vura bilsək, 1 xal qazana bilərik. Təəssüf ki, bacarmadıq və məğlub olduq. Hər halda, xoş hisslər yaşadıq və buna görə milliyə təşəkkür edirik. Matçdan sonra oyunçulara yaxınlaşa bilmədik. Xorvatiya prezidenti orda idi, çoxlu polis vardı və bizi ciddi nəzarətdə saxlayırdılar. Bu üzdən futbolçulara tərəf yaxınlaşmaq imkanımız olmadı. Beləcə, birgə dəstək olduğumuz insanlarla sağollaşıb ayrıldıq".
FARİZ
SON XƏBƏRLƏR