Sizin reklam burada

4-cü səbət əldən çıxdı

Müəllif: football Tarix: 18-11-2018, 12:36 1 764 Baxış
4-cü səbət əldən çıxdı
Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Qitə çempionatında yarışacaq komandaların səbəti məhz Millətlər Liqasındakı nəticələrə əsasən müəyyənləşəcək. Bu baxımdan hadisələri iki həftə qabaqlamaq hardasa yersiz görünə bilər. Bununla belə, artıq bəzi yığmaların səbəti dəqiqləşib. Belçika, Fransa, İtaliya, Portuqaliya, İspaniya, İsveçrə 1-ci səbətdə möhkəmlənib. Avstriya, İslandiya, Bosniya və Hersoqovina, Rusiya, Ukrayna, Uels 2-ci, Finlandiya, Şimali İrlandiya 3-cü, Litva, Sloveniya, Estoniya 4-cü, Lüksemburqla Moldova 5-ci, San Marino 6-cı səbətdəki yerini rəsmiləşdirib.
Azərbaycana gəlincə, millimiz 4-cü səbətdə yer almaq şanslarını itirib. Qurban Qurbanovun yetirmələri ya 5-ci, ya da 6-cı səbətdə yer alacaq. Buna Millətlər Liqasında 5-ci turun nəticələri şərait yaradıb. Məlum olduğu kimi, AÇ-nin seçmə oyunlarında ilk dəfə 55 komanda mübarizə aparacaq. İştirakçılar Millətlər Liqasının ümumi sıralamasına əsasən 6 səbətə bölünəcək. Beş səbətdə 10, sonuncuda 5 komanda olacaq. Beləliklə, seçmə mərhələnin 10 qrupu təşkil ediləcək ki, onların yarısı 6, yarısı 5 komandalı olacaq. Səbətlərin tərkibi üçün həlledici olan ümumi sıralama isə yığmaların liqaları və ordakı mövqeyinə əsasən müəyyənləşir. Azərbaycanın yer aldığı D liqasının 16 iştirakçısı sıralamanın son pillələrində qərarlaşacaq. Yəni bu yığmalar Avropanın 40-55-ci komandalarıdı. Ümumi sıralamada 40-cı, yəni D liqasında 1-ci komanda 4-cü səbətdə olacaq. Bu da 4 qrup qalibindən birinin qismətinə düşəcək. Minimum pley-offa yüksələnlər arasında ən yaxşı nəticəni göstərən milli 40-cı hesab olunacaq. Üçüncü qrupda mübarizə aparan yığmamız 6 xala malikdi. Qurban Qurbanovun yetirmələri qrup qalibi olmaq imkanını saxlasa da, liqa birinciliyi şansını itirib. Çünki Andorra ilə heç-heçə edən Gürcüstan xal hesabını 13-ə çatdırıb. Başqa komandalar Gürcüstanı keçmək imkanına malik olsa da, yığmamız üçün qonşular əlçatmazdı. Yəni liqada ən yaxşı olmaqla ümumi sıralamanın qıxrıncısı kimi 4-cü səbət ümidləri rəsmən bitib. Bu səbətlə rəsmən vidalaşan yığmamız böyük ehtimalla 5-ci “onluq”da qalacaq. Çünki 6-cı səbətə yalnız D liqasında qrup sonuncusu olan 4 komanda və 3-cü yer sahibləri arasında ən zəif nəticəyə malik yığma qərarlaşacaq. Millimizin belə böyük uğursuzluq yaşamaq ehtimalı isə minimum səviyyədədi. Artıq bu gün 5-ci səbətdə olmağımız rəsmiləşə bilər. Bunun üçün Farer adalarına uduzmamalıyıq. Evdəki istənilən xal qazancı 5-ci səbətin rəsmiləşməsi üçün yetərli olacaq. Bununla da komandamız həm qrup sonuncusu olmayacağını rəsmiləşdirəcək, həm də ən azı bir qrupun üçüncüsünü qabaqlayacaq. Amma təbii ki, əsas istəyimiz əvvəlcə qrup birincisi olmaq, daha sonra D liqasında ən güclü adını qazanıb AÇ-yə vəsiqə əldə etməkdi. Ən qısa yol budu: cəmi 4 oyun! Bu gün ilk, noyabrın 20-də ikinci addımı ataq, gerisi sonranın işidi.
MİRAĞA
SON XƏBƏRLƏR