Dünən yığmaya mükafat verilməsi məsələsi gündəmi zəbt etdi. Yayılan informasiya beləydi ki, AFFA komandaya son iki oyuna görə pul paylayıb. Söhbət Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ, Litva ilə yoxlama görüşündən gedir.
Məlum olduğu kimi, milli Xorvatiyaya uduzdu (1:2), Litva ilə Bakıdakı yoxlama matçı isə qolsuz heç-heçə ilə başa çatdı. Nikola Yurçeviçin komandasına bu iki oyuna görə mükafatın verilməsi inandırıcı görünmürdü. Ən əsası da məğlubiyyətin qarşılığında futbolçuların ciblərinin doldurulması heç bir məntiqə sığmır. Nə olsun ki, milli yaxşı oynayıb və ya minimal hesabla məğlub olub? Nəticə dəyişmir və heç bir qazancımızın olmadığı görüşə görə mükafat verilməsi absurd olar. Əslində heç Litva ilə qarşılaşmaya görə də yığma mükafatı haqq etmir. Əvvəla, yoldaşlıq oyunudu, hansısa xüsusi əhəmiyyət daşımır ki, buna görə pul verilsin. Üstəlik, nə oyun, nə də nəticə qənaətbəxşdi. Bütün bunların qarşılığında futbolçuların pul qazanması isə heç də normal qərar deyil. Yalnız bir məqama görə yığmanın mükafat almasına inanmaq olar. Seçmə mərhələnin əvvəlindəyik və futbolçuları ruhlandırmaq üçün belə bir addım məqsədəuyğun sayılıb. Xüsusən legionerlərin növbəti çağırışlara daha həvəslə yanaşması da verilən qərara təsir edə bilər.
Onu da qeyd edək ki, mükafatın məbləği ilə bağlı da informasiya dolaşır. Belə ki, assosiasiyanın yığmanın hər bir üzvünə 5 min manat verdiyi deyilir. Doğrudu, mükafat məsələsində start heyətində, sonradan meydana çıxanlar və ehtiyatda qalanlar fərqli qazanc əldə edir. Ancaq bu məsələnin texniki tərəfidi. Əsas məqam mükafatın verilib-verilməməsidi.
Bunu dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrəndik: “Bu gün sözügedən məsələ ilə bağlı açıqlama vermişəm. Bir daha qeyd edirəm ki, AFFA məğlubiyyətə görə mükafat vermir. Bu baxımdan Xorvatiya ilə oyun da istisna deyil. Milli məğlub olubsa, heç bir mükafatdan söhbət gedə bilməz. O ki qaldı Litva ilə görüşdəki bərabərliyə, bəli, komanda üçün mükafat nəzərdə tutulub. Ümumiyyətlə, bu, sistemli bir prosesdi. Yığma qalib gəldikdən, yaxud heç-heçə oynadıqdan sonra mükafatın verilməsi nəzərdə tutulub. Litva ilə oyun da beynəlxalq yoldaşlıq görüşü idi. Bilirsiz ki, milli üzvlərinə assosiasiya tərəfindən heç bir maaş ödənilmir. Onların yeganə gəlir əldə etmək şansları məhz qazanılan nəticələr ola bilər. Ancaq mükafatın məbləği AFFA tərəfindən heç vaxt açıqlanmır”.
Yeri gəlmişkən, mükafat məsələsi hər dəfə geniş müzakirələrə səbəb olur. Xüsusən də hansısa zəif yığma üzərində qazanılan qələbə müqabilində müəyyən vəsaitin futbolçuların ciblərinə axması sakit qarşılanmır. Eləcə də hansısa yoldaşlıq oyununa görə, özü də favorit göstərilərkən qalib gələ bilməyən komandaya mükafat verilməsi haqlı iradlara yol açır. Ola bilər, AFFA-da bununla bağlı bəlli sistem var və ona uyğun da addım atılır. Ancaq dərd burasındadı ki, həmin sistem düzgün qurulmayıb. Futbolçulara haqq etmədiyi pulu verdikdən sonra hədəfə çatmaq onlar üçün əhəmiyyətini itirir. Odu ki, mükafat hədəfə görə verilməlidi. Ola bilər, həvəsləndirmək üçün hansısa önəmli matçdan sonra AFFA futbolçuları sevindirsin. Ancaq bunun rəsmi qarşılaşmalardan sonra edilməsi daha məntiqlidi. Daha yoldaşlıq oyununa, zəif komanda ilə zəif oyuna və heç-heçəyə görə yox. Özü də məbləğ də həddən çox olur. Hə, bu arada yığmanın Millətlər Liqasındakı 9 xala görə mükafat almaması da qabardılır. Əslində həmin nəticəyə görə mükafat verilməsi elə Litva ilə qarşılaşmadan sonra bunun edilməsi ilə eyni şeydi. Nə onda verilməliydi, nə də indi.
FARİZ