Belə komandadan 4 qol buraxmaq ayıbdı!
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Keşlə – Baltsan (Malta) 2:1 (1:0)
1. Kamran Ağayev (k)
33. Tərlan Quliyev
3. Denis Silva
27. Adrian Skarlatake
8. Miloş Bosançiç
(21. Herve Tçami, 74)
90. Ebrima Sohna
4. Slavik Alxasov
10. Sezar Meza Kolli
2. Sərtan Taşkın
(88. Məmməd Quliyev, 85)
11. Bahodir Nasimov
(9. Amil Yunanov, 64)
14. Andre Klennon
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
7. Vaqif Cavadov
19. Azər Salahlı
24. Fuad Bayramov
Məşqçi: Zaur İsmayılov
83. Stiv Sultana
11. Stiv Betsina (k)
23. Elkin Serrano
15. Maykl Conson
20. İvan Bozoviç
8. Nenad Sliviç
99. Miloş Lepoviç
17. Alfred Effyonq
(4. Castin Qrioli, 69)
30. Kadu
18. Uros Lyubomiraç
(9. Lekao, 59)
86. Boyan Kalyeviç
(50. Andrey Maydevaç, 85)
Ehtiyat oyunçular
1. Sin Montoff
10. Sirac Arab
14. Harri Askroft
88. Sin Kipriot
Baş məşqçi: Marko Miçoviç
Qollar: S.Meza Kolli, 11-p. (1:0). S.Alxasov, 90+1 (2:0). A.Maydevaç, 90+6 (2:1).
Vərəqələr: E.Serrano, 31. S.Meza Kolli, 31. A.Skarlatake, 36. N.Sliviç, 62. S.Sultana, 82. A.Maydevaç, 90+4 – sarı. M.Maydevaç, 90+6 (ikinci sarı) – qırmızı.
Hakimlər: MİXAİL VİLKOV, Aleksey Vorontsov, Vladimir Mineviç, Aleksey Suxoy (hamısı Rusiya).
Hakim-inspektor: Stefen Lodj (İngiltərə).
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya).
19 iyul. Mərdəkan. Dalğa Arena. 2215 tamaşaçı.
Birinci hissəyə 4, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
İlk oyun – 1:4.
22 (5) qapıya ("çərçivə"yə) zərbə 6 (4)
6 korner 2
1 ofsayd 0
15 qayda pozuntusu 15
2 vərəqə (qırmızı) 4
İlk oyunda darmadağına məruz qalan, daha sonra baş məşqçisi istefa verən “Keşlə” “Baltsan” səddini Yuri Maksimovsuz adlamalıydı. Üçtopluq fərqi aradan qaldırmaq çətin olsa da, erkən qol şansı artıracaqdı. Zaur İsmayılova tapşırılan komanda, gözlənildiyi kimi, meydana dəyişikliklərlə çıxdı. Gənc mütəxəssis zədəsini sağaldan Skarlatakenin müdafiəyə dönməsi ilə Azər Salahlını ehtiyatda saxlamışdı. Səfər oyununda əvəzlənən, Maksimovun və rəhbərliyin narazı qaldığı Vaqif Cavadovla Fuad Bayramov da start heyətindəki yerini itirmişdi. Belədə Bahodir Nasimovla Miloş Bosançiç ilk “11-lik”də yer almışdı.
Qarşılaşma arzulanan ssenari ilə başladı. Belə ki, təmsilçimiz erkən qol vurmağa nail oldu. 11-ci dəqiqədə Bosançiç hücumu başlatdı və mərkəzdə iki rəqibi aldatdıqdan sonra topu Sezar istiqamətinə göndərdi. O isə topu cinahdan irəliləyən Taşkına buraxdı. Sonuncunun qapı qarşısına asmasına Klennon yüksəlib başla zərbə vursa da, Nenad Sliviç topun qarşısını əllə kəsdi və belədə rus hakim penalti nöqtəsini göstərdi. Sezar Maltada olduğu kimi, bu dəfə də penaltini dəqiq yerinə yetirərək, “Keşlə”ni ümidləndirdi.
18-ci dəqiqədə “Baltsan” cavab qolunu vura bilərdi. Əks-hücumdan sonra Effyonq Boyan Kalyeviçi az qala qapıçı ilə üzbəüz qoyacaqdı. Denis son anda riskli “sürüşmə” fəndi hesabına təhlükəni önlədi. Hissənin ortaları gərgin və sərt mübarizə şəraitində keçsə də, dayanmalar tempi azaltdı. “Keşlə” 44-cü dəqiqədə inanılmaz imkanı boşa verdi. Sezarın cərimə vuruşundan qapı önünə havalandırdığı topu “Baltsan”ın qapıçısı yumruğuyla dəf etsə də, Skarlatake təkrar zərbə imkanı qazandı. Rumıniyalı müdafiəçinin zərbəsi qapıçının qorumadığı tərəfə getsə də, hədəfdən az fərqlə aralı keçdi.
İkinci hissəyə də “Keşlə” fəal başladı. Ümumiyyətlə, “tamaşanın ikinci pərdəsi” daha baxımlı və dramatik alındı. Elə ilk hücumdaca kombinasiyanı Bosançiç tamamlaya bilərdi. Ancaq onun zərbəsi tirin üstündən keçdi. 50-ci dəqiqədə Bahodiri də iş başında görə bildik. Özbək forvardın qüvvətli zərbəsini “Baltsan”ın qapıçısı əla seyvlə dəv etdi. Hərçənd bir an öncə rusiyalı hakimin fiti səslənmişdi. Vilkov Klennonun topu qazanarkən ikili mübarizədə qaydanı pozduğunu işarə etdi. Bir dəqiqə sonra daha real şans əldən verildi. Meza Kollinin ara ötürməsindən sonra soldan cərimə meydançasına daxil olan Klennonun Sultananın yanından atdığı top qapıya paralel diyirlənərək hədəfdən yayındı. 52-ci dəqiqədə Sərtan Taşkın komandasını növbəti mərhələyə bir qədər də yaxınlaşdıra bilərdi. O, Tərlanın cinah asmasını başla “çərçivə”yə ünvanlasa da, son anda müdafiəçi topun xətti keçməsinə əngəl oldu. 56-cı dəqiqədə Kamran Ağayev rəqibin yüzfaizlik qol vəziyyətini əngəlləməklə “Keşlə”nin şansını saxladı. Sürətli əks-hücumdan sonra Effyonq Ağayevlə üzbəüz qalsa da, qapıçımız inamlı qurtarışla alqış qazandı. Bir dəqiqə sonra Slavik başla fərqlənməyə yaxın oldu. Onun yerə vurduğu top az fərqlə tirin üstündən keçdi. 58-ci dəqiqədə Skarlatake əla ötürmə ilə Sezarın cərimə meydançasına şığımasına şərait yaratdı. Paraqvaylı yarımmüdafiəçi qapı xəttinin üstündən topu bir qədər geri ötürdü ki, Bosançiçin vuruşundan sonra top “beton səd”dən döndü. Sərtanın təkrar vuruşunu isə qolkiper konerə çıxara bildi. Hücumlara ara verməyən və getdikcə təzyiqi artıran “Keşlə” 63-cü dəqiqədə növbəti dəfə qola yaxın oldu. Sərtanın ötürməsini Bahodir başla qapıya ünvanlasa da, komandasının ən yaxşısı olan Sultana əla seyvlə qola əngəl oldu. Dəqiqələr isə sürətlə əriyirdi. Bu dəqiqələrdə vurulacaq 2-ci qol nəticəsində ümumi hesabı xeyrimizə dəyişmək üçün vaxt qalacaqdı. Ancaq Zaur İsmayılovun əvəzetmələrindən sonra oyun ritmi pozuldu. Yalnız sonluq yenə ikinci hissənin ortalarındakı kimi baxımlı və adrenalin dolu alındı. Matça əlavə olunmuş dəqiqədə Sezarın standart vəziyyətdən qapı qarşısına asmasını Slavik başla tora qovuşdurdu və “Keşlə”ni ümidləndirdi. Bundan sonra paytaxt təmsilçisi “Baltsan”ın üzərinə daha böyük qüvvə ilə atıldı. İki dəqiqə sonra Slavik “öldürücü zərbə”ni vura, işi bitirə, inanılmazı gerçəkləşdirə bilərdi. Ancaq müdafiəçi əlverişli vəziyyəti boşa verdi. Son saniyələrdə isə “Baltsan” meydana sonradan çıxan Məmmədin kobud səhvindən sonra öləziməkdə olan ümidlərin üzərindən birdəfəlik xətt çəkdi. Gənc yarımmüdafiəçi autdan topu rəqibə bağışladı ki, bir qədər irəliləyən Maydevaç uzaq küncü dəqiq nişan aldı. Meydana 85-ci dəqiqədə çıxan maltalı futbolçu 10 dəqiqə ərzində həm də iki sarı - qırmızı vərəqə almaqla da diqqət mərkəzinə düşdü.
Beləliklə, iki oyunun nəticəsinə görə uduzan “Keşlə” avrokubok mübarizəsini dayandırdı. Təsəllisi isə ölkə reytinqinə yazdırdığı 0,250 əmsal oldu.
MİRAĞA
***
Maraqlıdı…
“Keşlə” (“Xəzər Universiteti”, “İnter”) tarixində 3-cü dəfə avrokuboklarda mübarizəni 1-ci mərhələdə dayandırdı. Əvvəlki uğusuzluqlar 2009-10-cu illərə təsadüf etmişdi. Bakılılar 2009-da Slovakiya “Spartak”ı (1:2, 1:3), 2010-da isə Polşa “Lex”i (0:1, 1:0, p. – 8:9) ilə bacarmamışdı. Onların ən uğurlu avrokubok mövsümü isə 2015/16-dı. Xatırladaq ki, onda “İnter”in Avroliqadakı zəfər yürüşünü İspaniya “Atletik”i (səfərdə 0:2, evdə 0:0) dayandırmışdı.
Reaksiyalar
Zaur Axundov: “90 dəqiqə hücum edən komanda biz olduq. 7-8 yüzfaizlik qol şansımız yarandı. Son saniyələrdə Slavikin vurduğu top qolla nəticələnə bilərdi. Təbii ki, belə nəticələnməsini istəməzdik, ancaq butbolda belə hallar olur. Biz mərhələni burda yox, Maltada, hesab 1:4 olanda uduzduq. Biz bütün səhvləri Maltada etdik. Orda oyun heç olmasa, 3:1 bitsəydi, burda mərhələni keçərdik. Bütün bunlar baş məşqçinin səhvlərinin nəticəsi oldu. Bütün dünya futbolunda belədi ki, komanda 3-4 top buraxanda məşqçi müxtəlif dəyişiklilərə əl atır. Ancaq həmin vaxt baş məşqçi bunu etmədi. Buraxılan qoldan sonra pis oldum. Amma belə şeylər çox olub. Futzal yığmamız Sloveniyada keçirilən Avropa çempionatının bir matçında ilk hissədə 3:0 öndə olsa da, sonda 3:5 hesabıyla məğlub olmuşdu. 14 ildə belə şeylər çox görmüşəm. Bunlar təbii haldı. Futbolçulara bir neçə günlük istirahət veriləcək. Biz də bir az özümüzə gələk. Bununla həyat, futbol qurtarmır. Yeni mövsümə hazırlaşacağıq. Az vaxt qalıb. Baş məşqçi məsələsinə də bir həftə ərzində aydınlıq gələcək. Transferlər də ola bilər. Arxa xətdə bir az axsayırıq. Eyni futbolçulardı. Çalışacağıq müdafiəni gücləndirək”.
Bahodir Nasimov: "Günah özümüzdədi ki, şanslarımızı əldən verdik. İkinci qolu tez vurmalıydıq. Məsələn, ikinci hissənin əvvəlində fərqlənsəydik, onda daha asan olardı. Amma biz son dəqiqələrdə hesabı 2:0 etdik və komanda üçüncü qol üçün irəli atıldı. Nəticədə səhvə yol verildi. Futbolda belə olur, heç nə edə bilmərik. Hamımız məyusuq. Məqsədimiz növbəti mərhələyə çıxmaq idi. Həyat davam edir. Biz növbəti oyunlara hazırlaşacağıq, diqqətimizi növbəti çempionata yönəldəcəyik. Mən cəmi 4-5 gün əvvəl bura gəlmişəm. "Keşlə" mənim üçün yeni komandadı. Tez uyğunlaşmaq istəyirəm ki, komandaya kömək edim. Azərbaycanda yenidən özünü göstərmək istəyirəm. Hansı ki, bunu "Neftçi" ilə etmişəm”.
Kamran Ağayev: “Maltada gic-gic qollar buraxdıq. Elə səhvlər oldu ki, rəqibin hücumçuları mənə heç bir şans vermədi. “Ağzımın içindən” qollar vurdular. Hansı səbəblərdən belə alındı, bilmirik. Bu gün isə oyunun gedişində çox qol imkanımız oldu, bəxtimiz gətirmədi. Son dəqiqələrdəki yorğunluqdan da istifadə edib qol vurdular. İnsan yorulanda səhv edir. Çünki biz onlardan ikiqat çox hərəkət edirdik. Qol vurmağa çox həvəsliydik. Sona yaxın yorulduq, nəticədə də qol buraxdıq. “Keşlə” mərhələ adlasaydı, növbəti rəqibi də keçmək şansı var idi. Amma “Baltsan” kimi komandanın UEFA turnirində oynaması dəxlisiz bir şeydi. Sadəcə, səfərdə heç nədən 4 qol buraxdıq. Orda buraxılan qollar, müdafiənin zəif çıxışı belə sonluğa gətirdi. Məmməd Quliyevin səhvinə gəlincə, gənc futbolçudu, robot deyil. Səhvsiz adam olmur. Mən də səhv etmişəm. Tərdən əli sulanmışdı, autu yaxşı ata bilmədi. Deməli, qismət deyil. Biz alnımızın təri ilə Qəbələdə ölkə kubokunu qazanmışıq. Ancaq “Baltsan”ı keçə bilmədiyimizə görə Azərbaycan xalqından üzr istəyirəm. Yəqin ki, tənqidlər olacaq. Oyunun elə anları olurdu, uşaqlara yalvarırdım ki, özünüzə inanın. Çox istərdim ki, mərhələ keçək. Həyat davam edir. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışmalıyıq. Əsas odu ki, futbol oynaya bilirik”.