UEFA yığmamıza texniki məğlubiyyət verməyəcək! - Bədavinin adı ali futbol qurumunun protokolunda var

27.11.2026 09:38
Ölkə futbolu / Manşet
Son günlərdə bəzi media orqanları və sosial şəbəkələrdə əsas millimizə noyabrın 16-da Andorraya qarşı keçirilən beynəlxalq yoldaşlıq oyununda yol verilən kobud səhv üzündən texniki məğlubiyyət veriləcəyi haqda xəbərlər tirajlanır. İddiaların əsasını 64-cü dəqiqədə Bədavi Hüseynovun meydana çıxması, yığmada vida matçını keçirən Emin Mahmudovun kapitan sarğısını ona təhvil verməsi təşkil edir. Bildirilir ki, Bədavinin adı matçın iştirak ərizəsində olmadığından meydana çıxması ciddi qayda pozuntusudu və oyunu araşdırmağa başlayan UEFA bu səbəbdən millimizi cəzalandıracaq. Öz aramızdı, belədə 7 oyunluq məğlubiyyətsizlik seriyası biabırçı şəkildə əldən çıxacaq.

Əlbəttə, həqiqət iddialardan ibarətdisə, yığmamız texniki məğlubiyyəti haqq edir. Düzdü, komandamız indiyə qədər belə kobud səhvlə yadda qalmayıb. Odu ki, iddialar reallıqda öz əskini tapsa, tarixdə ilk yaşanacaq. Lakin məsələ ilə bağlı qeyri-müəyyənliklərin olması bu barədə ədalətli hökm verməyə, hadisələrin axarını dəqiq götür-qoy etməyə mane olur. Birincisi, hazırda AFFA-nın rəsmi saytında (www.affa.az) matçın porotokolu yerləşdirilməyib. Bəli-bəli, saytın “keçmiş oyunlar” bölümündə milli komandalarımızın bu il martın 3-dən bəri keçirdiyi bütün qarşılaşmaların protokolu dərc edilsə də, Andorra – Azərbaycan oyununun yalnız yeri, vaxtı və nəticəsi qeyd olunub. Görüşün başlanmasına bir saat qalmış bir çox xəbər saytında dərc edilən heyətlərdə isə Bədavi Hüseynovun adı yoxdu! AFFA-nın saytında, heyətlər, ümumiyyətlə dərc olunmayıb. Adətən bu məsələ ilə bağlı iki mənbə əsas götürülür: yerli federasiyanın saytı və UEFA-nın “Matçlar” bölümündə müvafiq qarşılaşma materialları. Göründüyü kimi,

AFFA nədənsə bu görüşlə bağlı informasiyaları ictimaiyyətə elan etməyi lazım bilməyib. O başqa məsələ ki, federasiyanın mətbuat xidmətinin rəhbəri Aida Əliyeva Bədavinin adının UEFA-nın rəsmi platformasında yayınlanan Andorra - Azərbaycan oyununun protokolunda yer aldığını bildirir və haqlıdı! Axı UEFA-nın saytında hər şey aydındı. Belə ki, Bədavi Hüseynovun adı 15 nömrə ilə UEFA-nın yaydığı protokolda var. Həmçinin protokolun “Əvəzetmələr” bölümündə Bədavinin 64-cü dəqiqədə Rahil Məmmədovun yerinə meydana çıxdığı qeyd edilib. Emin Mahmudovu isə 1 dəqiqə sonra Emil Mustafayev əvəzləyib. Bütün bunlar, yəni Bədavinin 15 nömrəli forma geyməsi, 64-cü dəqiqədə Rahilin yerinə meydana çıxması matçın videogörüntülərində də aydın görünür.

Yaxşı, AFFA haqlıdısa, bəs rəsmi saytında protokol niyə yerləşdirilməyib və ictimaiyyətə açıq deyil? Nə üçün oyundan əvvəl elan edilən heyətlər siyahısında Bədavi Hüseynovun adı göstərilməmişdi? Söhbət hansısa sonradan aradan qaldırılan texniki xətadan gedirsə, niyə bu barədə səmimi etiraf edilmir? Böyük ehtimalla, bu suallar cavabsız qalacaq. Lakin AFFA-nın gizlədiyi nəsə yoxdusa, UEFA-nın saytında yer alan informasiyalara əsasən millimizə texniki məğlubiyyətin verilməyəcəyi dəqiqdi.

KƏNAN BAHADIR