Beynəlxalq futbol qurumlarının FİFA-ya təzyiqi davam edir. Bu dəfə Avropanın 4 aparıcı liqası ali futbol təşkilatını islahatlara çağırıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə Premyer-Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası və Almaniya Bundesliqası FİFA-da idarəetmə islahatlarının aparılmasını tələb edən birgə bəyanat yayıblar. 4 liqa son illərdə dünya futbolunun idarə olunması ilə bağlı ciddi narahatlıqların yarandığını bildirib. Bəyanatda FİFA-nın prezidenti Canni İnfantinonun fəaliyyəti də tənqid olunub:
“Son illərdə futbolun formalaşmış əsasları idarəetmə sistemindəki fundamental problem səbəbindən təhlükə altına düşüb. FİFA-nın prezidenti idmanı belə hallardan qorumaq əvəzinə, istismara əsaslanan ideyaları fəal şəkildə təşviq edib”.
Liqaların rəhbərləri FİFA-nın dünya çempionatı da daxil olmaqla kommersiya hüquqlarının bir hissəsinin özəl sərmayədarlara verilməsini nəzərdə tutan “FIFA Forward Enterprise” layihəsindən imtinasını kifayət hesab etmirlər. Bilindiyi kimi, FİFA iyulun sonunda beynəlxalq səviyyədə ciddi etirazlardan sonra layihənin davam etdirilməyəcəyini rəsmən açıqlamalı olmuşdu. Bəyanatda FİFA-da, sadəcə, prosedur dəyişikliklərinin kifayət etmədiyi, əsaslı idarəetmə islahatlarına ehtiyac olduğu vurğulanıb. Liqalar daha güclü nəzarət mexanizmləri, FİFA-nın tənzimləyici və kommersiya funksiyalarının daha aydın şəkildə ayrılması, həmçinin klublar, liqalar və futbolçuların mühüm qərarların qəbulunda daha geniş iştirakını istəyirlər.
Yeri gəlmişkən, FİFA-da prezident vəzifəsinə növbəti seçki 2027-ci ilin martında keçiriləcək. 2016-cı ildən quruma rəhbərlik edən Canni İnfantino namizədliyini yenidən irəli sürəcəyini rəsmən bəyan edib. Bu da var ki, artıq onun postunu qorumaq şansı getdikcə azalır. Bəzi futbol təşkilatları hətta isveçrəli funksioneri tezliklə istefaya və uzun illər tutduğu posta yenidən namizəd olmamağa səsləyir.
Bu arada İngiltərə Futbol Assosiasiyasının (İFA) prezidenti Debbi Hyuit FİFA rəhbərliyinə müraciət edib. RTE-nin məlumatına görə, FİFA-nın vitse-prezidenti olan Hyuit təşkilatın prezidenti İnfantinoya məktub göndərib. O, məktubunda İnfantinonun xüsusi sərmayədarların cəlb edilməsi ilə bağlı planının müstəqil şəkildə araşdırılmasını tələb edib. Hyuit həmçinin ABŞ yığmasının hücumçusu Folarin Baloqunun dünya çempionatında aldığı cəzasının ləğvi məsələsinə toxunub. O, futbolçunun cəzasının ABŞ-nin prezidenti Donald Trampın müdaxiləsindən sonra aradan qaldırılması ilə bağlı suallar yarandığını vurğulayıb.
Qeyd edək ki, üç regional futbol təşkilatı - UEFA, Asiya Futbol Konfederasiyası, həmçinin Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası yayda İnfantinonun planını rədd etmişdi. FİFA-nın prezidenti artan təzyiqlər fonunda avqustun 5-də layihə ilə bağlı üzr istəmiş, təşkilat daha sonra məsələ ilə bağlı araşdırma aparılacağını açıqlamışdı. Lakin FİFA hələ də araşdırmanın kim tərəfindən və nə vaxt reallaşacağına aydınlıq gətirməyib.
Aparıcı liqalar FİFA-nı islahatlara çağırdılar
Dünya futbolu





