Beş regionda Futbolun İnkişaf Fondunun nümayəndəliyi açılacaq

17.03.2022 16:10 745
Ölkə futbolu
Srağagün AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının yeni heyətlə ilk iclası keçirilib.

Fondun icraçı direktoru Tural Piriyev tədbiri giriş sözü ilə açaraq Himayəçilər Şurasının üzvlərini təqdim edib.

Himayəçilər Şurasında xalq artisti Fəxrəddin Manafov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, futbol veteranları Yunis Hüseynov və Vəli Qasımov, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov, “Azercell Telecom”un korporativ kommunikasiya direktoru Sona Abbasova, “CBC Sport” telekanalının Proqram Direktoru Rüstəm Əfsərli və sahibkar Şaiq Qəribzadə yer alıb. Açıq səsvermə ilə Vəli Qasımov növbəti 1 il müddətinə Himayəçilər Şurasının sədri seçilib. Nizamnaməyə uyğun sədr seçkisi hər il keçiriləcək.
Sonra Fondun strategiyası, qarşıya qoyulan məqsədlər, tədbirlər planı, hazırlanan ianə platforması ətrafında fikir mübadiləsi aparılıb. 2022-ci il ərzində Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala nümayəndəliklərinin fəaliyyətə başlaması razılaşdırılıb. Həmçinin nizamnaməyə ediləcək dəyişikliklər müzakirə olunub.

Qeyd edək ki, 2016-cı ildə təsis olunan FİF qarşısına fəaliyyəti genişləndirərək region klublarına dayanıqlı maliyyə mənbələri tapmaqda kömək etmək, ən vacibi isə cəmiyyətin hər bir fərdinə region klublarının inkişafında iştirak imkanı yaratmaq məqsədi qoyub. Bunun üçün FİF dövlət və beynəlxalq qurumlar, yerli və beynəlxalq şirkətlər ilə davamlı əməkdaşlıq edəcək, maliyyə cəlb olunması üçün bütün mümkün maliyyə mənbələrini aşkarlamağa çalışacaq. Həmçinin yerli əhaliyə və diaspor nümayəndələrinə öz region klublarına dəstək olmaları üçün imkan yaradılacaq.

Himayəçilər Şurasının üzvlərin hansı meyarlarla seçildiyini öyrənmək, fondun gələcək planları barədə məlumat əldə etmək üçün icraçı direktor Tural Piriyevlə danışdıq:

“Himayəçilər Şurasına üzvləri seçəndə çalışdıq ki, hər kateqoriyadan nümayəndə olsun. Siyahıya baxanda özünüz də görürsüz ki, 9 nəfərin arasında bank sektorunu, mətbuatı, böyük şirkətləri təmsilçil edənlərlə yanaşı, ictimaiyyət arasında tanınmışlar və futbol veteranları yer alıb. Özümüz fərqli fikirlər, yaşananlara fərqli prizmadan baxış görmək üçün bu addımı atdıq. Futbol adamları isə futbol yönündə fondun işinə dəstək olacaq. Artıq bu yöndə müəyyən işlər görülüb. Ölkənin 5 regionu üzrə fondun nümayəndəliyinin olması planlaşdırılıb ki, öncə Gəncə və Tovuzda bunu edəcəyik. Aprelin əvvəlində adını çəkdiyim bölgələrdə nümayəndəliyin açılması planlaşdırılıb. Ondan sonra isə il ərzində Lənkəran, Mingəçevir və Zaqatalada da bu addım atılacaq”.


Toplantıda iştirak edən Himayəçilər Şurasının üzvü, veteran futbolçu Yunis Hüseynovla da əlaqə saxladıq:

“Qurumun adından göründüyü kimi, burda əsas məqsəd ölkədə futbolu inkişaf etdirməkdi. Əsasən də regionlarda bu iş qurulmalıdı. Dəvət etdilər, mən də təklifi qəbul etdim. Əsas missiyamız bu sahənin mütəxəssisi kimi iş adamları ilə görüşüb, onları futbola yatırım etməyə dəvət etməkdi. Hər halda, uzun illər istər futbolçu, istərsə də məşqçi kimi bu sahədə varıq. Futbola yatırım etmək istəyən iş adamlarına müəyyən yol göstərə bilərik. Əsas vəzifəmiz bölgə klublarına bir neçə sponsor cəlb etməkdi. Təcrübə də göstərir ki, klub bir nəfərdən asılı olanda onun fəaliyyəti həmişə təhlükə altında olur. Yəni həmin himayədarın pulu varsa, klub yaşayır, maddi durumu aşağı düşürsə, futbol da artıq ikinci plana keçir. Bunun üçün hər klubun bir neçə dayanaqlı sponsoru olmalıdı ki, biri geri çəkiləndə, başqaları onun yoxluğunu unutdura bilsin və ya yeni sponsor gələnə qədər klubun fəaliyyətində hansısa çətinlik yaranmasın. Yaxın vaxtlarda regionlara səfərimiz olacaq”.


RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul